AMEA-da küçə adları ilə bağlı yeni qurum yaradılır
21 avqust 2013 12:52 (UTC +04:00)

AMEA-da küçə adları ilə bağlı yeni qurum yaradılır

“Azərbaycan dilinin öyrənilməsi ilə məşğul olan şöbələrin vahid bir mərkəzdə birləşdirilməsi, qədim dilləri və müasir Azərbaycan dilində gedən prosesləri öyrənmək üçün yeni şöbələr yaradılması, nəzəri və tətbiqi dilçilik, roman-german dilləri üzrə şöbələrin genişləndirilməsi təklif olunur”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası üçün məsul qurumların nümayəndələrindən təşkil olunmuş İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev bildirib. O qeyd edib ki, İşçi qrupunun toplantısında belə bir təkliflə Dilçilik İnstitutunun direktor əvəzi professor Fəxrəddin Veysəlli çıxış edib.

H. Zərbəliyevin sözlərinə görə, “Müasir Azərbaycan dilində gedən proseslər şöbəsi” adlandırılması təklif olunan şöbənin strukturunda, Dövlət Proqramında nəzərdə tutulduğu kimi, kütləvi informasiya vasitələrində, küçə adları, afişa və reklamlarda Azərbaycan dilinin normalarının pozulması hallarını müəyyən etmək və müvafiq tədbirlər görmək məqsədilə monitorinq sektorunun yaradılması nəzərdə tutulur.

“Azərbaycan dilinin normalarının pozulması ilə bağlı daxil olan məlumatları toplamaq və təhlil etmək üçün qaynar xətt və analitik təhlil sektoru, televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsi üçün treninq sektoru yaradılması da nəzərdə tutulub”-deyə, Zərbəliyev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar