"Bakı Şopinq Festivalı" başlama vaxtı açıqlandı
07 mart 2018 13:07 (UTC +04:00)

"Bakı Şopinq Festivalı" başlama vaxtı açıqlandı

Bu ilin mayın 1-dən 31-dək Bakı Şopinq Festivalı keçiriləcək.

 

"APA-Economics"in məlumatına görə, hər zaman olduğu kimi, yerli əhali və turistlər bu festivalda iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanacaq.

 

Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız "Bakı Şopinq Festivalı" günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcək. Payız festivalında olduğu kimi, bu dəfə də supermarketlər festivala qoşulacaq.

 

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan etdikləri hər 100 manatdan  çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə etmək mümkündür. Beləliklə, "Bakı Şopinq Festivalı" zamanı müştərilər bəyəndikləri malları digər dövrlərdən qat-qat sərfəli qiymətlərlə ala biləcək.

 

Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür.

 

Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

 

Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe "Bakı Şopinq Festivalı"nın iştirakçısı ola bilər.

 

Xatırladaq ki, 2017-ci ildən keçirilən "Bakı Şopinq Festivalı" Azərbaycan vətəndaşlarına və turistlərə hər biri bir ay davam etməklə, ildə iki dəfə bu fürsəti yaradır. Keçirildiyi ilk ildən "Bakı Şopinq Festivalı" böyük uğurlar əldə edərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə nail olub. Azərbaycanda və regionda ilk dəfə olmasına baxmayaraq, "Bakı Şopinq Festivalı" qısa zamanda etibar qazanıb və 2017-ci ildə iki uğurlu festival həyata keçirilib. Bu müddətdə, ümumilikdə, 665 mağaza iştirakçı qismində festivala qoşulub. Həmin mağazalarda festival çərçivəsində 71 min 331 ədəd ƏDV qaytarılması əməliyyatı həyata keçirilib. Yerli alıcılarla yanaşı, ƏDV qaytarılması imkanından yararlanan turistlərin sayı isə 6 min 534 nəfər olub. 

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli, "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. "Bakı Şopinq Festivalı"nın təşkil olunması ölkə başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

APA Baycan

Oxşar yazılar