Nazir Səlim Müslümov Ankarada çıxış edib
03 sentyabr 2015 18:14 (UTC +04:00)

Nazir Səlim Müslümov Ankarada çıxış edib

0

 “Davos İqtisadi Forumu 2014-cü il üçün hesabatında Azərbaycanı iqtisadiyyatı rəqabətə davamlılığına görə 144 ölkə arasında 38-ci yerə layiq görüb, “Moodys”, “Fitch Ratings”, “Standart and Poors” kimi reytinq agentlikləri isə ölkəmizin reytinqini davamlı olaraq artırıb”.

Lent.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ankarada G20 qrupu ölkələrinin əmək və məşğulluq nazirlərinin toplantısındakı çıxışında deyib.

İnsan resurslarının inkişafına sərmayənin artırılması üzrə “G20 üzrə Bacarıqlar Strategiyası”na həsr olunan sessiyasında çıxış edən nazir S. Müslümov 2004-cü ildə Cənubi Qafqaz iqtisadiyyatının yarısının, 2014-cü ilin sonunda isə 75%-nin Azərbaycanın payına düşdüyünü qeyd edib.

Nazir bildirib ki, Azərbaycanda son 12 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bu dövrdə respublikada 1 mln. 400 min yeni iş yeri açılıb, iqtisadiyyata 180 mlrd. dollar investisiya yatırılıb, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olub. Həmçinin əhalinin gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə çoxalıb, işsizlik səviyyəsi 10,6 %-dən 4,9 %-dək, yoxsulluq səviyyəsi 44,7 %-dən 5%-dək azalıb.

Azərbaycanda işsiz və işaxtaran vətəndaşların, xüsusən həssas əhali qruplarının əmək bazarına daha tez inteqrasiyası məqsədilə məşğulluq orqanlarının institusional və kadr potensialının daim təkmilləşdirildiyini qeyd edən S.Müslümov işsiz vətəndaşların işlə təminatı, peşə hazırlığı və peşəyönümü, əmək yarmarkaları, habelə gənclər üçün xüsusiləşdirilmiş yarmarkalar, əmək birjaları barədə məlumat verib. O, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi işlərindən bəhs edərək, sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi təlim proqramlarının və peşə yönümü testlərinin tətbiqi, peşə reabilitasiya mərkəzlərinin yaradılması və s. tədbirləri diqqətə çatdırıb.

S.Müslümov vurğulayıb ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir. Hazırda Azərbaycan əhalisinin 28,5 faizi 15-29 yaşlı gənclərdir. 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib.

Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsinin 9,7% olmaqla digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu diqqətə çatdırıb.

Nazirin sözlərinə görə, ölkədə məşğulluq siyasəti daim təkmilləşdirilir. Hazırda mövcud demoqrafik meyllərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə uyğun olaraq uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün yeni Məşğulluq Konsepsiyası hazırlanır.

Tədbirin yekunu olaraq G20 Əmək və Məşğulluq Nazirlərinin Bəyanatının imzalanması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 213

Oxşar yazılar