"Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir"
17 avqust 2013 23:37 (UTC +04:00)

"Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir"

 Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və deyə bilərəm ki, artıq Azərbaycan dünya miqyasında tolerantlıq mərkəzi kimi tanınır. APA-nın verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev Balakən rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir və bu tədbirlər böyük dərəcədə diqqəti cəlb edir.

 

“Tədbirlərin keçirilməsi özlüyündə vacib bir hadisədir. Eyni zamanda, o konfranslarda, forumlarda səslənən fikirlər, hesab edirəm ki, dünyada proseslərin müsbət istiqamətdə getməsinə xidmət göstərir. Əfsuslar olsun ki, müxtəlif yerlərdə - Avropada, Orta Şərqdə, müxtəlif bölgələrdə dini və milli dözümsüzlük hökm sürür. Bu, zəmanənin mənfi əlamətidir və bu proseslər kəskinləşir. Yəni, əfsuslar olsun ki, dünyada qarşıdurmaya aparan bəzi siyasətçilərin, siyasi qrupların fəaliyyəti fəlakətlərə gətirib çıxarır. Bunu biz indi izləyirik. Bu gün biz internet dövründə yaşayırıq, hər bir məlumatı televiziya vasitəsilə əldə etmək üçün bütün imkanlar var. Əlbəttə ki, bu, bizi çox narahat edir və üzür. Çünki belə olmamalıdır”.

 

Prezident İlham Əliyevin sözlərinə görə, bütün xalqlar, bütün dinlərin nümayəndələri sülh, qardaşlıq şəraitində yaşamalıdır: “Bütün xalqlar bir-birinə hörmət əsasında yaşamalıdırlar. Yəni, dünyada gedən proseslər əlbəttə ki, bizi narahat etməlidir. Çünki biz təcrid edilmiş vəziyyətdə, adada yaşamırıq. Biz çalışırıq ki, Azərbaycanda yaradılmış müsbət təcrübə artıq hüdudlarımızın kənarına çıxsın və Azərbaycan təcrübəsi daha geniş şəkildə öyrənilsin, bizdə mövcud olan gözəl ab-hava və qardaşlıq iqlimi dünyaya, heç olmasa, bölgəyə yayılsın”.

 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda milli məsələlər ən yüksək səviyyədə həll olunur: “Bəlkə də bu barədə çox danışılmır. Buna ehtiyac da yoxdur. Ancaq cəmiyyətimizin inkişafı, cəmiyyətdə mövcud olan həyat tərzi, bizim milli dəyərlərimiz, ümumbəşəri dəyərlərin Azərbaycanda geniş şəkildə tətbiq edilməsi bu vacib sahədə də müsbət nəticələrə gətirib çıxarıb. Bu gün Azərbaycanın müxtəlif bölgələrində sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bunun təməlində əlbəttə ki, düşünülmüş siyasət və cəmiyyətin bu məsələlərə münasibəti dayanır. Çünki bu məsələlər təkcə dövlət siyasəti ilə tənzimlənə bilməz. Dövlət əlbəttə ki, öz tərəfindən bütün lazımi tədbirləri görür, vəziyyətə nəzarət edir, çatışmayan bütün məsələləri həll etməyə çalışır və həll edir”.

 

“Ancaq, eyni zamanda, bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində bu gözəl qardaşlıq ab-havası yaşanır və güclənir. Bizim sərvətimiz bizim müxtəlifliyimizdədir, bizim sərvətimiz bizim birliyimizdədir. Azərbaycanda yaşayan hər bir xalqın, hər bir dinin nümayəndəsinin hüquqları lazımi şəkildə qorunur. Azərbaycan bizim vətənimizdir, biz hamımız Azərbaycan vətəndaşlarıyıq və milli müxtəliflik bir daha demək istəyirəm ki, bizim böyük sərvətimizdir. Bu, sadəcə gözəl sözlər deyil, bu, reallıqdır. Hər bir vətəndaş, xüsusilə çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar bu gözəl dinamikanı saxlamalıdırlar, bu reallıqları düzgün qiymətləndirməlidirlər və öz fəaliyyətləri ilə ümumi işimizə töhfə verməlidirlər”, deyə prezident vurğulayıb.

 

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir: “Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, bu tədbirlərdə səslənən fikirlər, o cümlədən dünya şöhrətli alimlərin, Nobel mükafatçılarının çıxışlarında səslənən fikirlər dediyim sözləri təsdiq edir. Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas milli dəyərlərdir, bizim dəyərlərimizdir. Bu dəyərlər üzərində müasir, müstəqil dövlət qurulmuşdur və bu dövlət gündən-günə güclənir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar