Yeri oldu-olmadı hər zaman, hər yerdə işlədilən söz... Qarşıdakı adam çox zaman heç bu sözü eşitməz də. Küçələrdə sel kimi gedir “xahişlər”. Sözün həqiqi mənası ilə heç bir işim yox. Amma onun sosial vəziyyəti, cəmiyyətdə tutduğu yer haqqında bir neçə kəlmə demək fikrim var.
Hamı öz evindən çölə “xahiş” daşıyır. Elə yer var ki, işinin düzəlməsi üçün bu sözə əl atdınsa, düzəlməyi müşkül. Sadəcə, lal-dinməz dayanmaq bundan daha sərfəli.
“Xahiş edirəm” sözü həmişə imkansızların çıxış yolu, güvənc yeri olub. Bu sözdən başqa onların üz tutmağa yerləri olmayıb. İlk dəfə bu söz ehtiyacdan doğuldu. Amma sonralar bu söz o qədər işləndi ki, bütünlüklə şirəsi, səmimiyyəti getdi, sadəcə sümüyü qaldı. Sümük də kimə və nəyə lazım?
Mənə elə gəlir ki, “xahis edirəm” sözünün başında və ayağında dayanan adamların biri imkanlı, vəzifəli, o biri olduqca imkansızdır. Bax, bu sözün, Lenin demişkən, “təkərciyi və vintçiyi” bu adamların qeyri-bərabər hüquqlu olmasıdır. Burda isə “xahiş” sözü işə düşür. Kasıbların, kimsəsizlərin son silahı xahiş...
Hamı bu saat xahiş eləyir. Xahiş və iş. Demək, əsas məsələ xahiş sözünün sonundakı “iş”-lə bağlıdır. Yəni iş icra etmək.
O günü bir məmurun yanına şəhid atası gəlib. Mən də kabinetdə. Şübhəsiz, o gələnə kimi mən “xahiş”imi tamamlamışdım.
Şəhid atası içəri girən kimi emosional şəkildə dedi:
- Xahiş edirəm, mənim torpaq məsələmi həll eləyin.
Məmur sakit bir şəkildə cavab verdi:
- Hüseyn dayı, sənədləriniz hazırdı, buyurun.
Məmur torpaq sənədini ona uzatdı.
Hüseyn dayı kəsib-kirimədi:
- Mən sizdən çox xahiş edirəm...
Məmur yenə səmimi şəkildə dedi, hər şey hazırdı, buyurun, ev tikə bilərsiniz artıq. Bu başçının sərəncamı, bu da bələdiyyənin sənədi. Götürün, allah xeyir versin.
Hüseyn dayı bu dəfə daha ciddi və hökmlü şəkildə dedi:
- Mən sizdən artıq dərəcədə xahiş edirəm...
Sonda mən sənədləri məmurdan alıb ona uzatdım. Hər şeyin yüksək səviyyədə həll olunduğunu dedim.
Hüseyn dayı sənədləri əlimdən alıb, təzədən məmurun qabağına qoydu:
- Yox, mən sizdən ciddi şəkildə xahiş edirəm.
Mən şəhid atasının xahişlərində uzun xroniki bir ağrını hiss elədim. O evdən xahişlərlə çıxmışdı. O bu xahişlərə, mübahisələrə vərdiş eləmişdi. Bütün xahişlərini xırıd eləməliydi. İçində nə var, deməliydi. Ondan sonra sakit olub sənədləri götürməliydi. Bəlkə arvadı möhkəm-möhkəm tapşırmışdı bu xahişləri. Bəlkə kimlərsə onu bu xahişlərə vərdiş elətdirmişdi. Nə bilim, bəlkə də....
Bir onu bilirəm ki, xahiş artıq bir vərdiş halını almaqdadır. Az qala ölkəni başına götürsün. O günü bir müəllif gəlib yanıma. Maraqlı şeirləri var. Çap olunacaq “Azərbaycan”da. Xudahafizləşib gedir. Bir az keçməmiş qayıdıb gəlir:
- Xahiş edirəm, şeirlərim tez çap olunsun.
- Edərik...
- Xahiş edirəm, şəklimlə çap olunsun...
- Narahat olmayın, edərik.
- Xahiş edirəm, şeirlərimin hamısı çap olunsun.
- Çalışarıq.
İki saat keçməmiş telefonuma zəng edir:
- Sizdən bir xahiş etmək olar?
- Buyurun.
- Lap axırıncı şeirim var ha, Xahiş edirəm, onu da verəsiniz.
Mən sonra gördüm ki, bu “xahişlər” onun şeirlərinin bədii dəyərinə təsir edir...