ABŞ-ın “Halliburton” şirkətinin Azərbaycan və Gürcüstan nümayəndəliyinin rəhbəri Bert Stritmən və maili qazma üzrə koordinatoru Səlahəddin Əyyubov Bakı Ali Neft Məktəbində olublar.
Lent.az-ın məlumatına görə,qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, Bakı Ali Neft Məktəbinin prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd edib. Bakı Ali Neft Məktəbi haqqında qonaqlara məlumat verən E.Qasımov bildirib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurululub ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplom veriləcək. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini bildirib.
Bakı Ali Neft Məktəbinə dəvət edildiyinə görə minnətdarlığını bildirən “Halliburton” şirkətinin Azərbaycan və Gürcüstan nümayəndəliyinin rəhbəri Bert Stritmən vurğulamışdır ki, Azərabycanda neft-qaz sənayesi dinamik inkişaf etməkdədir. Bu baxımdan yüksək ixtisaslı, müasir standartlara cavab verən mütəxəssislərin yetişdirilməsi olduqca vacib məsələdir. O, qeyd etmişdir ki, gələcəkdə Azərbaycanda böyük layihələr həyata keçirməyi planlaşdıran “Halliburton” şirkəti üçün Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması önəmlidir.
Görüş çərçivəsində “Halliburton “şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması sahəsində, “Halliburton “şirkətinin Azərbaycanda fəaliyyət göstərən və xaricdən gələn müxtəlif mütəxəssislərinin BANM tələbələri qarşısında məruzələrlə çıxış etmələri və bir sıra digər məsələlər haqqında razılıq əldə olunmuşdur.