“Bu il gənclər üçün ən vacib olan məsələ qarşıdan gələn prezident seçkilərində iştirak etməkdir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində gənclərin işsizlik problemi həll olunur və günü-gündən yeni iş yerlərinin sayı artırılır: “Gənclərin işləməsi üçün müəssisələr çoxdur. Burada gənclərin üzərinə düşən əsas vəzifə fəaliyyət göstərəcəkləri istiqamətləri üzrə savadlarının olmasıdır. Gənclərimiz müasir texnologiyalara diqqət ayırmalı və bu sahədə yeni-yeni biliklərə yiyələnməlidir. Düşünürəm ki, Azərbaycanda inkişaf etmək üçün imkanlar genişdir, sadəcə insanların özündən çox şey asılıdır”.
Nazir bu il də yeni layihələrin, müasir dünya ilə ayaqlaşa biləcək proqramların təmsil etdiyi qurum tərəfindən dəstəklənəcəyini də qeyd edib. O bildirib ki, Gənclər Fondunun fəaliyyətinin genişləndirilməsi, ayrılan vəsaitin artırılması gənclərin yeni uğurlara addım atmasına stimul verəcək: “Ötən il təkcə Gənclər Fondunun dəstəyi ilə 117 layihə həyata keçirilib, proqramlara ayrılan vəsaitin məbləği isə 1 milyon 950 min manat olub. Bu il cənab prezidentin təşəbbüsü ilə Gənclər Fonduna 5 milyon manat ayrılıb. Qəbul olunan layihələrə artıq 2 milyon manat ayrılıb”.
O, gənc sahibkarlara dövlət dəstəyinin artırılacağını da qeyd edib.