Marneulidə yeni yaradılan “Borçalı İrəli İctimai Birliyi” (BİİB) qeyri-hökumət təşkilatının təsis konfransı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təsis konfransını idarə heyətinin üzvü Aybəy İsayev açıb. Sonra Gürcüstan və Azərbaycan dövlətinin himnləri səsləndirilib. Tədbirdə BİİB-in sədri Məhəbbət İmanov, icraçı direktor Elşən Vəliyev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşı, Qara Dəniz Universitetinin müəllimi Aygül İsayeva və digər şəxslər çıxış edərək yeni yaradılan “Borçalı İrəli İctimai Birliyi”nin məram və məqsədləri, gələcək planları barədə ətraflı məlumat veriblər.
“Borçalı İrəli İctimai Birliyi”nin sədri Məhəbbət İmanov APA-ya açıqlamasında yeni yaradılan təşkilatın soydaşlarımızın problemlərini həll etməyə çalışacağını bildirib: “Təşkilatımızın müxtəlif proqramları var. Ən başlıca məqsədimiz təhsilin inkişafı, dil və dinimizin qorunması, ekoloji problemlərin həllində irəliləyişə nail olmaq, azərbaycançılıq ideyalarını təbliğ və inkişaf etdirmək, soydaşlarımızı narahat edən problemlərin həllinə dəstək olmaq, digər QHT-lərlə birgə çalışmaq, yerlərdə nümayəndəliklər yaradaraq insan hüquqlarının müdafiəsini təşkil etmək və eyni zamanda Gürcüstan və Azərbaycan xalqının tarixi dostluğunu inkişaf etdirmək, soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyanı gücləndirməkdir”.
BİİB-nin sədri qeyd edib ki, yeni təsis olunan təşkilatın Azərbaycanda fəaliyyət göstərən “İrəli İctimai Birliyi” və “Borçalı İctimai Cəmiyyəti” ilə heç bir əlaqəsi yoxdur. “Təşkilatımız demokratik və şəffaf prinsiplərə uyğun qurulub və Gürcüstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Gələcəkdə “İrəli” adlı qəzet də nəşr etməyi planlaşdırırıq”.