İnsanın ömür uzunluğu müntəzəm və keyfiyyətli gecə yuxusu ilə sıx bağlıdır. Araşdırmalar göstərir ki, sağlam yuxu uzunömürlülük baxımından düzgün qidalanma və fiziki aktivlik qədər mühüm rol oynaya bilər.
Lent.az xəbər verir ki, ömür uzunluğu yalnız zərərli vərdişlərdən imtina etmək, sağlam qidalanmaq və mütəmadi idmanla məşğul olmaqdan asılı deyil. Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) alimlərinin “Sleep Advances” jurnalında dərc olunan yeni araşdırmasına görə, uzunömürlülüyün əsas amillərindən biri də kifayət qədər gecə yuxusudur.
Alimlər geniş həcmli məlumatları təhlil edərək maraqlı qanunauyğunluq müəyyən ediblər. İnsanların mütəmadi olaraq sutkada 7 saatdan az yatdığı bölgələrdə orta ömür uzunluğunun nəzərəçarpacaq dərəcədə aşağı olduğu üzə çıxıb. Araşdırmaya əsasən, yuxu çatışmazlığının orqanizmə mənfi təsiri o qədər güclüdür ki, bu amil yalnız siqaret çəkmə və piylənmədən geri qalır, həyat tərzi ilə bağlı bir çox digər risk faktorlarını isə qabaqlayır. Alimlərin sözlərinə görə, xroniki yuxusuzluq immun sistemini zəiflədir, beynin fəaliyyətinə mənfi təsir göstərir, maddələr mübadiləsi pozuntuları, şəkərli diabet və ürək-damar xəstəliklərinin yaranması riskini artırır.
Mütəxəssislər həmçinin bildirirlər ki, həftə ərzində kifayət qədər yatmayıb, həftəsonu uzun müddət yatmaqla bu çatışmazlığı tam kompensasiya etmək mümkün deyil. Sağlamlığın qorunması üçün böyüklərə hər gecə stabil şəkildə 7-9 saat yatmaq tövsiyə olunur. Daha əvvəl aparılan başqa bir araşdırmada isə 100 yaş və daha çox yaşayan insanların ortaq xüsusiyyətlərindən biri müəyyən edilmişdi. Düzgün qidalanma, fiziki aktivlik və güclü sosial əlaqələrlə yanaşı, insanın xarakter xüsusiyyətlərinin də sağlam qocalmada rol oynaya biləcəyi bildirilirdi.
İtaliyalı alimlərin araşdırmasına görə, uzunömürlü insanlarda ən çox nəzərə çarpan xüsusiyyətlərdən biri yeni təcrübələrə açıqlıqdır. 100 və daha çox yaşa çatan insanlar daha çox maraq göstərir, öyrənməyə həvəsli olur, yeni ideyalara açıq yanaşır və fərqli fəaliyyətləri sınamağa daha çox meylli olurlar.