Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Sənan Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Sənan Səlimov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 7 il 6 ay həbs cəzası verilməsini istəmişdi.
Xatırladaq ki, hadisə 2025-ci il oktyabrın 13-də Bakının Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib.
İttihama əsasən, Sənan tanışı Ənvərin elektron qəlyanını alaraq geri qaytarmayıb. Ənvər qəlyanın qaytarılmasını tələb etdikdən sonra tərəflər arasında mübahisə yaranıb.
Sənan Ənvərin təhsil aldığı məktəbə gedərək onun dərsdən çıxmasını gözləyib. Məktəbin qarşısında baş verən mübahisə zamanı o, Ənvərin boyun nahiyəsinə güclü zərbə endirib. Müəllim və şagirdlər hadisə yerinə toplaşdıqdan sonra Sənan ərazidən uzaqlaşıb.
Lakin o, bir müddət sonra məktəbə qayıdaraq həyətdə dayanan İlyasa hücum edib, onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Məktəbin direktor müavini polisə məlumat verdikdən sonra Sənan qaçıb.
Daha sonra Ənvərin qardaşı Niyazın onu axtardığını öyrənən Sənan yaşadığı ünvana gedərək gənci küçəyə çağırıb. O, “Məni polisə şikayət etmisiniz” deyərək özü ilə gətirdiyi bıçaqla Niyaza zərbələr endirib. Yaralıya ağır bədən xəsarətləri yetirilib.
Sənan Səlimov Cinayət Məcəlləsinin adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə təqsirli bilinib.
Qeyd edək ki, mətndəki ad və soyadlar şərtidir.