“Beş yaşlı uşaq bizə yemək hazırlayanda düşündüm ki...” – DƏYİRMİ MASA
31 yanvar 2013 19:49 (UTC +04:00)

“Beş yaşlı uşaq bizə yemək hazırlayanda düşündüm ki...” – DƏYİRMİ MASA

Əbədi aktual olan bir mövzu ətrafında müzakirə aparırıq: Ailədə və məktəbdə uşağın tərbiyəsi. Etiraf edək ki, nə ailədə, nə də məktəbdə uşaqların tərbiyəsi ilə düzgün, necə lazımdırsa o qaydada məşğul olunmur. Bəzən heç məşğul olunmur. Ailələr də var ki, düzgün tərbiyə etmək haqda düşünür, amma bunu necə etmək lazım gəldiyini bilmir. Məktəblərdə isə daha çox müəllimin, direktorun hakimiyyətinə üstünlük verilir və bu elə tərbiyə hesab edilir. Bu barədədir söhbətimiz.

 

Masa ətrafında qonaqlarımız Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, psixoloq Azad İsazadə və Uşaq Hüquqları Üzrə QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyevdir.  

 

  • Üç günlük uşağı aparırlar Makarenkonun yanına ki, bunun tərbiyəsinə nə vaxtdan başlayaq, soruşur nə vaxt doğulub, deyirlər üç gündür. Cavab verir ki, üç gün gecikmisiniz...

 

Əjdər Ağayev (sözümü kəsir): - Makarenko onu şərq filosoflarından götürüb. Onun özünün bir qəşəng fikri də var, deyir ki, uşaqlar bizim gələcəyimizdir, onların tərbiyəsindəki yaxşı cəhətlər xoşbəxt gələcəyimizdir, naqis cəhətlər ağlamalı gələcəkdir, elə edək ki, xoşbəxt gələcəyə çataq. Tusi deyir ki, uşağa elə ad qoymaq lazımdır ki, ona xəcalət gətirməsin və ad fiziologiyasına uyğun olsun, valideynin arzusunu ifadə etsin. Daha Bəsdi, Qızbəs, Kifayət kimi yox e (gülür). Bu məsələlər şərqdə var. Onu da deyim ki, pedaqogika, fəlsəfə sahəsində yaxşı nə varsa Avropa Şərqdən götürüb. Şərqdə bu mövzu 13-14-cü əsrdə mövcud olub.

 

  • Bəs, Şərqin bir hissəsi olan Azərbaycanda bu gün uşağın bünövrəsi düzgün qoyulur?

 

Ə.A: - Hökm verə bilmərəm, amma ictimai baxış olaraq deyə bilərəm ki, təhsilimizin səviyyəsi, tərbiyə arzu olunan vəziyyətdə deyil. Bunun da bir çox səbəbləri var. Tibbidə olduğu kimi diaqnoz qoyulmalıdır, xəstəliyin kökü bilinməli və müalicə olunmalıdır. Birincisi biz birdən birə sosializm prinsiplərindən bazar münasibətlərinə keçdik. Bazar münasibətində insanlar öz bacarıq və maraqlarına görə kapital sahibi oldular və bu da ailədə sosial vəziyyətə təsir etdi. Ailələrin vəziyyəti fərqlidir. Kasıb ailə kasıbçılığının dərdindədir, imkanı ortabab olanlar pul qazanmaqla məşğuldur, imkanlılar isə sosial şəraitlərini elə qururlar ki, maddi imkanlarının yüksək olduğu gözə çarpsın. Özü də bu yalnız bizdə belədir, başqa ölkələrdə heç kim imkanına görə fərqlənmək üçün çalışmır. Sosial cəhətdən narahatlıq yaradan bu məqamlar tərbiyəyə təsir edir. Tərbiyənin özəyi mənəviyyatdır. Fiziki tərbiyə almaq olar, müxtəlif vərdişlərə də yiyələnmək olar, əgər mənəviyyat sağlam deyilsə, o fəaliyyətlər ləngər vurur.

 

- Bunlar da yalnız ailə ilə bağlı deyil.

 

Ə.A: - Yox, cəmiyyətin böyük rolu var. Makarenkonun bir fikri də var - ahəngi pozulmuş cəmiyyəti heç bir pedaqoji metod düzəldə bilməz. Cəmiyyət özü bir orkestrdir, onun üzvləri-ifaçıları, dirijoru gərək sağlam olsun. Mirzə Ələkbərdən gözəl pedaqoq yoxdur, oxuyub görürsən elə bil bu günü yazıb.

 

Nazir Quliyev: - Uşaqla iş, uşaq tərbiyəsi çox çətin məsələdir. Tanışlar bəzən müraciət edirlər ki, sən uşaq məsələləri ilə məşğulsan, bilərsən, bəlkə filankəsi bağça müəlliməsi düzəldəsən? Soruşuram ixtisası müəllimdir? Deyir yox, əşi, bağça üçün nə fərqi var.  Çox sarsılıram.

 

  • Bağçalarda elə “müəllimlər” var.

 

N.Q: - Bəzən elə hesab edirik ki, uşaqlarımız mədəni, bilikli olmalıdır, amma bunun üçün heç nə etmək istəmirik. Uşaq bir yaşında vurub nəyisə sındırır, sevinirik. 7 yaşında  söyüş söyür, deyirik şükür Allaha, nə qəşəng danışır balam. 10 yaşında başqa bir naqisliyinə göz yumuruq. Nəticədə gənc yaşında narkotik düşkünü olur. Çox təəssüf ki, uşağın tərbiyəsinə kompleks yanaşa bilmirik. Fərdi yanaşma üsulundan istifadə etmirik. Məktəbə verdiksə deyirik müəllim məşğul olsun, daha bilmirik ki, müəllim özü buna hazırdırmı. Uşağın enerjisini yaxşı tərəfə yönəltmək lazımdır. Məsələn, mən gördüm ki, balaca oğlum çox enerjilidir, hərəkətini istiqamətləndirmək lazımdır, qoydum onu futbola. İndi şükür məşqçinin fəxridir və evdə daha rahatdır. Uşağı hökmən oxudub hüquqşünas etməliyəm fikri çox yanlışdır, ona əvvəlcə hər hansı peşə, sənət öyrətmək lazımdır.

Digər bir vacib məqam kadr hazırlığıdır. Uşaqlarla işləyən kadr hazırlanmasında boşluqlar var. Uşaqların cinayətkarlığa meyli, hərbidə olarkən baş verən naqis hallar vaxtilə yığılan mənfi enerjinin zühurudur. Ədliyyə Nazirliyinin yanında ictimai komissiyanın üzvüyəm, tez-tez həbsxanalarda oluram. Orda nəyi müşahidə edirəm. Bir çox insanların elədiyi cinayətlərin səbəbi məlum deyil. 10 manata görə insan öldürüb, bu səbəb deyil. Bu ya genetik məsələdir, ya cəmiyyətin bəlasıdır, ya da ailə tərbiyəsi.

 

  • Məncə, bu, psixoloji problemdir, Azad bəy...

 

Azad İsazadə: - Sözsüz, amma psixoloji problemin kökündə də cəmiyyətdə hökm sürən aqressiya durur. 10 manata görə öldürmür, bədənində yığılmış aqressiyanı bu yolla çıxardır. Kütləvi psixoloji durum gərgindir. Aqressiya ilə ümidsizlik bir-biri ilə bağlıdır, mən gələcəyə ümidlə baxa bilmirəmsə ətrafdakılara qarşı aqressiv olmağa başlayıram. Burda eqoizm də var, paxıllıq da. Uşağın formalaşmasında bioloji, genetik də var, amma ən vacibi nümunəvi davranışdır. Biz bir şey deyirik, özümüz isə dediyimizi təlqin etmirik, başqa nümunə göstəririk. Qaçqın düşərgələrində uşaqlar üçün reabilitasiya kursları keçirdik. Öz doğma yurdlarından didərgin düşən uşaqla, qaçqın düşərgəsində özülü qoyulub dünyaya gələn uşağın tamam fərqli-fərqli reaksiyaları vardı. Qaçarkən ana bətnində olan uşaq bunların hər ikisindən fərqlidir, o, o biri ikisinə heç bənzəmir, ana bətnində siniri formalaşarkən artıq stress alıb.

 

  • Aman Allah...

 

Ə.A: - Tərbiyə əslində elə ana bətnindən başlayır. Göz fiziki görmək deyil, daxilən nə qəbul olunursa gözdən keçir. Yaşlı analarımız gəlinə deyirdilər ki, hamiləsən, dovşana baxma. Hamilə gəlinə ən gözəl almanı verərdilər ki, yesin. Niyəsini bilmirdilər, amma belə olmalı idi. Ona görə ki, uşaq təsirləri ana bətnindən almağa başlayır.

 

N.Q: - Müşahidə göstərir ki, bizdə uşağa yanaşmada onu şəxsiyyət kimi görə bilməmək problemi də var. Amerikada bir ailədə qalırdıq. Ailənin beş yaşlı nəvəsi bizə səhər yeməyi hazırladı. Həmin anda düşündüm ki, bizdə beş yaşlı uşaq qaza yaxınlaşsa faciə olmuş kimi haray salarıq. Əgər beş yaşında uşaq səhər yeməyi hazırlayırsa, təbii ki, o, artıq özünü şəxsiyyət hesab edir, ona elə də yanaşılır. İkinci vacib məqam, uşaqların vəzifələrini unutmağımızdır. Hüquqdan danışırlar, amma vəzifələr hissəsi yoxdur. Uşaq əlində mobil telefon gəlir məktəbə, dərs vaxtı internetə girir. Hüquqlar, vəzifələr, şəxsiyyət kimi yanaşma paralel getməlidir tərbiyədə. Valideyn təbliğ edir ki, siqaret çəkmək ziyandır, amma özü oturub evdə siqaret çəkir. Şəxsi nümunə olmaq lazımdır.

 

  • Uşaq bəzən evdə deyilənlərin əksini görür cəmiyyətdə.

 

N.Q: - Ona görə, qoy uşağın informasiyası bol olsun, seçimi özü etsin, yaxşı nədir, pis nədir bilsin. Uşağın informasiya ehtiyacını özümüz ailədə ödəyək, kənardan yanlış informasiya ala bilər.

 

Ə.A: - Yaxşının nə olduğunu bilməlidir, amma pisdən də bixəbər olmamalıdır. Uşağı idrak cəhətdən inkişaf etdirmək lazımdır. Sovet uşağı kimi ancaq yaxşı sözlərin əhatəsində böyümüşdüm, pis nə olduğunu bilmirdim. Tələbə vaxtı getdim Qazaxıstana Xam torpaqlara, bütün baş kəsənlər orda idi, düşdüm çətinliyə-mən necə hərəkət edim? Yaxşı ki, orda yaşlı insanlar oldu, mənə anlatdılar ki, gecəni gündüz, günü ay əvəz edir. Həyatda qaranlıq da var, işıq da.

 

  • Amma çox kriminal informasiya alması uşağın psixikasına mənfi təsir göstərər?

 

Ə.A: - Haqlısınız, pedaqoji tələb var. Əgər müəllim nə isə düzgün olmayan hərəkət edibsə onun cəzalandırılmasından uşağın xəbəri olmamalıdır. Bu yaxınlarda müəllim uşağa bir sillə vurmuşdu, respublika səviyyəsində müzakirəyə çevrildi. Bu gün faciələri elə formada verirlər ki, bunu uşaq üçün adiləşdirirlər. Pedaqoji tələbə görə belə olmaz. Bu məsələ həllini tapmalıdır. Birmənalı şəkildə belə informasiyalar uşaqda psixoloji problem yaradır.

 

A.İ: - Uşağı tam təcrid etmək də olmaz belə informasiyalardan, amma miqdarında almalıdır, artıq yox. İnfeksiyanı keçirməsə onda immunitet yaranmaz, bu da həmin şeydir.

 

  • Məktəblərdə yarıtmaz psixoloq ştatları da var, bu gün çox vacibdir, amma işlək mexanizm yoxdur ortada...

 

Ə.A: - Ekologiyanın pozulması uşaqlarda anadangəlmə qüsurlarla doğulmasına gətirib çıxarıb. Bu da zaman-zaman, müəyyən yaş dövrlərində özünü göstərir. Məktəbdə işləyən psixoloq ən azı o ixtisasın sahibi olmalıdır ki, uşaqların hər yaş dövrünün xüsusiyyətini bilmiş olsun.

 

N.Q: - Psixoloq özü də oturub gözləməməlidir ki, uşaq gəlib ona müraciət etsin, özü uşaqlarla işləməyə meylli olmalı və izləməlidir vəziyyəti.

 

 

A.İ: - Psixoloq hazırlayan fakültələrin açıldığı çox uzaq tarixə getmir, təzədir. Hazırlanır və yeganə iş yeri olan məktəbə göndərilirlər. İndi onların işləməsi üçün metodik vəsait də yoxdur. Psixoloqları idarə edən idarə də yoxdur, qanun da yoxdur. Müəyyən testlər var, yalnız onunla işləmək olar.

 

  • Çıxış yolu nədədir, necə edək ki, uşağın tərbiyəsinin özülü düzgün qoyulsun?

 

Ə.A: - Valideynlər özləri maarifləndirilməlidir, biliklərə yiyələnməlidir. Hər uşağın fərdi xüsusiyyətlərini valideynlər bilməlidir. Şəxsi nümunə əsasdır, müsbət nümunə. Kadr səviyyəsini yaxşılaşdırmaq. Təhsil nazirinin özü deyir ki, müəllimlərin 60 faizi bugünkü tələblərə cavab vermir. Müəllim pedaqoji işi bilmirsə, dirijor kimi idarə edə bilmir, ahəng pozulur. Təhsil proqramı çox ağırdır, onu yüngülləşdirmək lazımdır. Xaricdən gətirilmiş metodları toxum kimi hələ şumlanıb hazırlanmamış torpağa atmaq olmaz. Yəni kompleks yanaşılmalıdır, təkcə valideyn və məktəbdən asılı deyil uşağın tərbiyəsi, bu da dövlət səviyyəsində nizamlanmalıdır. Əksər məktəblərdə müəllim şagirdə qulluqçusu kimi baxır. Müəllim uşağa psixi təsir göstərir ki, niyə yanıma hazırlığa gəlmirsən? Bunlar aradan qaldırılmalıdır.

 

A.İ: - Uşaqları dinləmək lazımdır, yeganə məsləhətim budur. Uşaq danışmalıdır. Konkret bizdən asılı olan budur - dinləyək uşağı.

 

N.Q: - Valideyn bacarıqları kursu yaradılsın, dövlət bunda maraqlı olsun ki, valideyn maariflənsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1895
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar