Rüşvət alıb saxta rəy verən ekspertin azad olunmasını istəyirlər - MƏHKƏMƏ
28 noyabr 2025 14:17 (UTC +04:00)

Rüşvət alıb saxta rəy verən ekspertin azad olunmasını istəyirlər - MƏHKƏMƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun cinayət işi məhkəmə araşdırmasına verilib.

Lent.az xəbər verir ki, məhkəmə ilk olaraq  barələrində həbs olmayan, qətimkan tədbiri seçilən təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra iş üzrə zərərçəkənlərin vəkilləri təqsirləndirilənlər barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması ilə bağlı vəsatətlə çıxış ediblər. Məhkəmə tərkibi bu  vəsatəti təmin etməyib. Daha sonra cinayət işi məhkəmə baxışına verilib və növbəti proses 10  dekabr, saat 10:00-a təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən  ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.

Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Sultanova Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar