Gündə 10 min kalorini aşan fast food qəbulunu sosial şəbəkədə paylaşan fenomen, yuxuda keçirdiyi ürək çatışmazlığı səbəbindən həyatını itirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada apardığı “çəki artırma təcrübəsi” ilə diqqət çəkən 30 yaşlı influencer Dmitri Nuyanzin, həddindən artıq fast food qəbul etdiyi dövrdə inkişaf edən ürək çatışmazlığı nəticəsində yuxuda vəfat edib.
Nuyanzin izləyicilərinə qısa müddətdə sürətlə necə kökəlmək və daha sonra eyni tempdə arıqlamaq mümkün olduğunu göstərmək üçün gündə 10 min kaloridən çox olan sağlamlığa ziyanlı bir qidalanma planı tətbiq edirdi. O, “marafon” adlandırdığı bu təcrübədə hər gün qəbul etdiyi yüksək kalorili qidaları və çəki dəyişikliklərini sosial media hesabında paylaşırdı. Məqsədi ən azı 25 kilo əlavə etmək və prosesi addım-addım sənədləşdirmək idi.
Rusiyanın KİV-nin məlumatına görə, Nuyanzin ölümündən bir gün əvvəl planlaşdırdığı məşqləri ləğv edib, izləyicilərinə özünü pis hiss etdiyini və həkimə müraciət etməyi düşündüyünü bildirib. Lakin gənc fenomen həmin gecə yuxuda ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Nuyanzinin “pəhriz” adlandırdığı gündəlik menyusunda poğaça, tort, 800 qram mantı, cips, burger və iki kiçik pizza kimi yüksək kalorili qidalar yer alırdı.
Qeyd edək ki, o, ölümündən qısa müddət əvvəl, 18-də etdiyi paylaşımda cəmi bir ayda 13 kilo kökəldiyini və çəkisinin 105 kiloya çatdığını bildirib.

