“Asan xidmət” Sumqayıtda “Azərsu” abunəçilərinə xidmət edəcək
08 oktyabr 2014 15:04 (UTC +04:00)

“Asan xidmət” Sumqayıtda “Azərsu” abunəçilərinə xidmət edəcək


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə tədbirləri davam etdirir. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu ilin oktyabrından Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb. “Asan xidmət” mərkəzində abunəçilər bazadakı məlumatlarına dəyişikliklər edə, borc haqqında məlumat (arayış) ala, Smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumat, səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart-kartlara yüklənməməsi və s. hallarda) haqqında məlumat və yeni smart-kartlar ala bilərlər.

 

Abunəçilər həmçinin itirilmiş və ya zədələnmiş smart-kartları bərpa edə, qeydiyyatda olan və “Azərsu” ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi, Smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, Smart-sayğacların istismar qaydaları haqqında məlumat da əldə edə biləcəklər.

 

Qeyd edək ki, Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzi 15-ci məhəllə 42d ünvanında yerləşir. Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər. Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı “Asan xidmət” mərkəzlərində təşkil olunub. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar