“5 il ərzində, bəlkə də tez bütün kənd yolları qurulacaq”
18 avqust 2013 00:15 (UTC +04:00)

“5 il ərzində, bəlkə də tez bütün kənd yolları qurulacaq”

“Ölkənin uğurlu inkişafı üçün, ilk növbədə, iqtisadiyyat inkişaf etməlidir”.

 

APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı bu istiqamətdə son illərdə bütün bölgələrdə nəticələrin yaxşı olduğunu qeyd edib: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi başa çatır. Proqram artıqlaması ilə yerinə yetirilib və gələn ilin əvvəlindən üçüncü proqram icra edilməyə başlayacaq. Beləliklə, növbəti beş il ərzində bu günə qədər həll edilməmiş problemlər də öz həllini tapmalıdır”.

 

Prezidenti İlham Əliyev qeyd edib ki, Balakəndə əsas infrastruktur layihələrinin icrası başa çatır: “Qazlaşdırma 95 faizə çatıb. Demək olar ki, bütün kəndlərdə də qaz xətləri çəkilib. Heç vaxt bu, belə olmamışdır. İçməli su, kanalizasiya layihələrinin icrası da yəqin ki, gələn ilin sonuna qədər başa çatacaq və beləliklə, şəhər və ətraf kəndlər 24 saat təmiz içməli su ilə təmin ediləcək. Bu layihələr indi demək olar ki, hər həftə istifadəyə verilir. İki həftə ərzində - Kürdəmirdə, İsmayıllıda, Oğuzda artıq layihələr istifadəyə verilib. Bu gün Zaqatalada içməli su layihəsi istifadəyə verilir. Balakəndə isə gələn il bu layihə artıq istifadəyə veriləcək”.

 

Prezident qeyd edib ki, növbəti illərdə daha çox kənd yollarının bərpasına diqqət verilməlidir: “Bu proses də başlayıb, ölkəmizdə geniş vüsət alıb. Ancaq bildiyiniz kimi, bu, çox böyük vəsait tələb edən layihələrdir və zamana da ehtiyac var. Çünki kənd yollarımızın əksəriyyəti yararsız vəziyyətdə idi. Son illərdə bu sahəyə çox böyük vəsait ayrılır və çalışırıq ki, hər bir rayonda heç olmasa bir və ya iki böyük layihə icra edilsin. Ona görə hər bir rayonun kənd yollarının tam şəkildə bərpası bir qədər vaxt tələb edəcək. Ancaq hesab edirəm ki, növbəti beş il ərzində, bəlkə də ondan da tez bütün kənd yolları qurulacaq, tikiləcək. Yəni, qarşıya belə bir vəzifə qoyulub”.

 

“Bütövlükdə deyə bilərəm ki, hər bir sahədə biz maksimum, hədəfləri seçirik və o hədəflərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Hər bir rayonun öz proqramları, öz inkişaf dinamikası var. Balakəndə bu dinamika çox müsbətdir”, deyə dövlət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Oxşar yazılar