Ali məktəblərin magistraturalarına qəbul imtahanlarında iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin Lent.az-a verdiyi məlumata görə, 2013-cü ildə magistratura səviyyəsinə qəbul 60 proqram üzrə 6794 plan yeri ayrılıb. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 30-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.
Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.
Qəbul aparılan ixtisaslaşmaların siyahısı "Magistr" xüsusi buraxılışının 2013-cü il 4-cü sayında təqdim olunub. Həmin jurnalı TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya elektron versiyasını (pdf) www.abiturient.az saytında “TQDK-nın nəşrlərinin elektron satışı sistemi” vasitəsi ilə yükləmək mümkündür.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına iyunun 27-də və 28-də şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.