Dünən bir qrup valideyn bir müddət əvvəl sökülən 20 nömrəli məktəbin qarşısında aksiya keçiriblər. Valideynlər sökülən məktəbin yenidən öz yerində tikilməsini tələb edirlər: “Uşaqlarımızı başqa yerə aparmağa imkanımız yoxdur. Ona görə də tələb edirik ki, məktəb yenidən burada tikilsin”.
Lent.az-ın məlumatına görə, Bakı şəhər Təhsil İdarəsi bildirir ki, 25000 kvadratmetr sahəsi olacaq 3000 şagird yerlik 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biri olduğuna görə, müasir tələblərə uyğun 5 mərtəbədən ibarət yeni məktəb binasının inşa olunması nəzərdə tutulur. İndiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Prezidentin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən isə 2 milyon manat ayrılıb. Bu günədək məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. Hazırda yeni məktəb binasının layihəsində layihə şirkəti tərəfindən bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəbin tikinti işləri davam etdiriləcək.
Qeyd edək ki, 20 nömrəli məktəb-liseyin 2830 şagird hazırda paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.