Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimini təsdiq edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart –Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 15,16 iyun - Ramazan bayramı, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun tarixləri istirahət günləridir. 2018-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
Sənəddə qeyd olunur ki, 2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı, 1-i səsvermə qabağı iş günləridir), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşməsinə görə verilən istirahət günü), iş günü hesab edilməyən 17 bayram (2-i istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə və 1 Ümumxalq hüzn günü var (241+108+17+1+1-3 = 365).
Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2018-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təşkil edir (232 x 8 + 9 x 7 = 1919 saat).
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.
2018-ci ilin İş vaxtı normasında həmçinin bildirilir ki, Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün də 2018-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1919 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
Qeyd edək ki, növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir. 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “2018-ci ilin İstehsalat təqvimi” bölməsində də təqdim olunur.