Uzun illərdir şəxsi gigiyenanın əsas vasitələrindən biri hesab edilən tualet kağızı artıq əvvəlki qədər əvəzolunmaz sayılmır. Mütəxəssislər bildirirlər ki, müasir texnologiyalar daha effektiv təmizlik və yüksək komfort təmin edən alternativlər təqdim edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, bu gün istifadə etdiyimiz rulon şəklində tualet kağızı nisbətən yeni məhsuldur.
Onun istehsalına XIX əsrin sonlarında başlanılıb, geniş yayılması isə yalnız XX əsrin birinci yarısında baş verib. Ondan əvvəl insanlar yaşadıqları dövrə və bölgəyə uyğun müxtəlif vasitələrdən istifadə edirdilər.
Tarix boyu yarpaqlar, mamır, saman, parça qırıntıları, heyvan yunu və hətta qarğıdalı koçanından gigiyena məqsədilə istifadə edildiyi qeyd olunur. İkinci Dünya müharibəsindən sonra isə tualet kağızı sürətlə populyarlaşıb və zamanla onun istehsalı böyük sənaye sahəsinə çevrilib.
Hazırda bazarda çoxqatlı, yumşaq, ətirli və təkrar emal olunmuş materiallardan hazırlanan müxtəlif növ tualet kağızları satılır. Bununla yanaşı, istehlakçılar bu məhsulların istehsalı zamanı ağac ehtiyatlarının, suyun və enerji resurslarının sərf olunmasının ətraf mühitə təsiri barədə daha çox düşünməyə başlayıblar.
Yaş salfetlər də ideal seçim hesab edilmir
Daha ekoloji seçim axtaran bəzi insanlar yaş salfetlərdən istifadə etməyə üstünlük verirlər. Lakin mütəxəssislər bildirirlər ki, bu məhsulların da müəyyən çatışmazlıqları var.
Onların sözlərinə görə, bir çox yaş salfetlər asan parçalanmır və kanalizasiya sistemində tıxanmalar yarada bilir. Bundan əlavə, tərkibindəki kimyəvi maddələr və ətirləndiricilər, xüsusilə həssas dəriyə malik insanlarda qıcıqlanmaya səbəb ola bilər.
Bidelər daha çox seçilir
Ekspertlərin fikrincə, hazırda tualet kağızına ən effektiv alternativ bidelər və unitaz üçün xüsusi bide oturacaqları hesab olunur. Müasir modellərdə suyun təzyiqini tənzimləmək, qurutma funksiyası və digər əlavə imkanlar mövcuddur.
Su ilə təmizlənmənin daha gigiyenik olduğunu düşünən istifadəçilərin sayı da artır. Bəzi insanlar bidedən istifadə etdikdən sonra tualet kağızından tamamilə imtina etsələr də, bir çoxları hər iki vasitədən birlikdə istifadə etməyə davam edirlər.
Mütəxəssislər qeyd edirlər ki, xüsusilə gənc nəsil bidelərə daha çox maraq göstərir. Yaşlı insanlar isə əksər hallarda ənənəvi gigiyena üsuluna üstünlük verməyə davam edirlər.