Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımız İman və Bəhrəm Məmmədzadə qardaşlarının əziz xatirələri anılıb.
Lent.az xəbər verir ki, anım mərasimində şəhid qardaşların atası Elman Məmmədov və yaxınları, Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və klubun əməkdaşları iştirak ediblər.
Anım münasibətilə şəhidlərin Binə-Sovxoz Şəhidlər xiyabanında məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev şəhid qardaşların ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib. O, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Qeyd edək ki, İman və Bəhrəm Məmmədzadə qardaşları Vətən müharibəsi zamanı 2020-ci il noyabrın 2-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.
Şəhid qardaşlar ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Daha sonra İdman-sağlamlıq klubunun rəisi və klubun əməkdaşları Hövsan qəsəbəsində yerləşən Şəhidlər xiyabanınında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət edib, onların önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.