Lənkəran şəhər 10 saylı tam orta məktəb yararsız vəziyyətdədir.
Lent.az-a müraciət edən şikayətçilər bildiriblər ki, məktəb 1985-ci ildən istifadəyə verilsə də, hələ də orada əsaslı təmir aparılmayıb.
Sinif otaqları və ümumilikdə təhsil müəssisəsinin özü yararsız haldadır.
Onlar iddia edirlər ki, çoxsaylı şikayətlərə baxmayaraq 10 saylı tam orta məktəb təmir edilmir, əksinə Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyaziyasının ibtidai sinif korpusu da ləğv edilib, yerində regional təhsil idarəsi üçün bina tikilir.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 10 nömrəli tam orta məktəbin də maddi-texniki bazası və infrastruktur vəziyyəti daim diqqət mərkəzində saxlanılır:
“2025-ci ilin yay-payız aylarında məktəbdə cari təmir işləri həyata keçirilib. Bu çərçivədə dam örtüyü dəyişdirilib, sanitar qovşaqlarda bərpa işləri aparılıb və giriş qapısı yenilənib. Təhsil müəssisəsində istilik, su, kanalizasiya və elektrik təchizatı ilə bağlı yaranan lokal texniki nasazlıqlar daxil olan müraciətlər əsasında operativ qaydada aradan qaldırılır. Bununla yanaşı bildiririk ki, məktəb binasının əsaslı təmir edilməsi ilə bağlı dəyərləndirmələr aparılır. Təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
2025-ci ildə 93 təhsil müəssisəsində cari və əsaslı təmir aparılıb. Astara rayonunun Sərək kənd, Lerik rayonunun Cəngəmiran kənd və Cəlilabad rayonunun Göytəpə şəhər 2 nömrəli tam orta məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. Astara rayonunun Şümrüd kənd, Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kənd, eləcə də Lənkəran rayonunun Viyən kənd tam orta məktəbləri üçün yeni binaların tikilərək istifadəyə verilməsi nəzərdə tutulur”.
Həmçinin idarədən bildirildi ki, Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyada ibtidai siniflərin ləğv olunması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:
“Hazırda həmin müəssisədə qeyd olunan təhsil səviyyəsi üzrə daha yaxşı tədris şəraiti yaradılır. Yeni tədris ilindən etibarən gimnaziyanın ibtidai sinif şagirdləri təhsillərini əvvəlki illərdə olduğu kimi və həmin ünvanda davam etdirəcəklər. Qeyd edək ki, cari tədris ili üçün gimnaziyanın I sinfinə 60-dan çox şagirdin qeydiyyatı aparılıb, müvafiq şagird qəbulu həyata keçirilib. Bu fakt da yayılan iddiaların əsassız olduğunu bir daha təsdiq edir. Vətəndaşları bu və buna bənzər məlumatlarla bağlı yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq”.
