“Bu vaxtadək necə tək qalmısan burda”  – 84 yaşlı ana 28 ildən sonra oğlunu görməyə gəldi – Səbuhi Məmmədli Cəbrayıldan yazır
26 aprel 2021 17:50 (UTC +04:00)

“Bu vaxtadək necə tək qalmısan burda” – 84 yaşlı ana 28 ildən sonra oğlunu görməyə gəldi – Səbuhi Məmmədli Cəbrayıldan yazır

- Dur bala, dur ayağa görüşək. Dur, boyuna qurban olum. Anan gəlib, dur…

Anası gəlib. Düz 28 il sonra. Oğlunun qəbrini ziyarətə... Oğlanlarıyla gəlib, oğlunu görməyə...

Hələki maşındadı

Hələki inanmır. Sanki yuxu görür. Bütün gecəni də yatmayıb axı...

***

...Qızı açır maşının qapısını. Düşür və eyni anda kövrək nəzərlərlə ətrafa baxır.

Güldəstə ana oğlu İsaqla

İrəlidə, çox yox, beşcə metr aralıda oğlu Ramiz boylanır ona tərəf.

Böyük oğlu İsaq girir qoluna. Addım-addım gedir qəbrə tərəf. Adama elə gəlir ki, 28 ildir həsrətində olduğu oğlunun qəbrinə bu beşcə addımı da 28 ilə gedib çıxacaq.

Qəbrə bir addım qalmış İsaq qolunu buraxır anasının-Güldəstə ananın. O boyda adam, dağ boyda İsaq yerə, qəbrin üstünə düşür lay divar kimi.

İsaq qardaşının qəbrinə sarılır

O boyda İsaq yumrulanıb bir metrlik sinə daşına sığışır. Və…

Və hönkürür…

***

Ustufca qəbrin baş tərəfinə keçir Güldəstə ana. Əlini başına atıb qiyyə çəkir:

Əzizim, anam ağlama,
Vəfalı sonam ağlama.
Qorxuram ah çəkəsən,
Od tutub yanam ağlama.

Və…

Və oğlu İsaq kimi qəbrin üstünə sərilir.

Onu tutmaqmı olar?

Ona baxmaqmı olar.

Güldəstə ana oğlunun qəbri önündə

İsaq anasının bu vəziyyətinə baxa bilmir, əlində dəsmalı üzünü dağlara tərəf tutub gözünün yaşını sel kimi tökür.

O biri oğlu da dayana bilmir, gözünün yaşını barmaqları ilə gizlətməyə çalışır. Amma barmaqların üstündən süzülüb tökülür qəbrin üstünə.

Bir qohumu dizi üstə çöküb, iki qatlanıb.

Şəhidin qohumu onun qəbiri üstə

Bir həmkarımız da qoşulub Ağayevlərə, ağlayır.

Mən, mən isə donmuşam, tərpənə bilmirəm, belə anlarda köməyimə gələ bilən siqaretimi də iki cibimin heç birindən tapa bilmirəm.

***

Hönkürür qəbri üstə durmadan Güldəstə ana. Qucaqlamaqdan, oxşamaqdan, öpməkdən doymur qəbir daşını. Qorxur, elə bilir ki, bir də bura 28 ildən sonra gələ biləcək. Torpağı belə dırnaqlaryla xışmalayır. Qalxmaq istəmir.

Su gətirir kimsə. İki qurtum içir...

O da yandırır məni, 

Bu da yandırır məni.
Deyirlər ki sərindir,
Su da yandırır məni.

Güllər düzülər qəbirin üstünə. Bütün ailə qəbrin ətrafında oturub. Bu dəfə susurlar, 28 ildir həsrət qaldığı dağlara boylana-boylana.

***

- Vətənə gedirik, dedim, səhər evdən çıxanda. Çox arzusunda idim, bala. Deyirdim bir quş olaydım, uça-uça gedəydim. Balamın qəbrini görüb, sonra gəlib ölərdim. Allahdan möhlət istəmişəm ki, qurban olum, mənə möhlət ver, balamın qəbrini görə bilim. Bu gün o gündü. Mənim balam igid oğul olub, bala. Düşmənlə üz-üzə döyüşüb. Ürəyindən vurublar balamı. Səni yanasan ay erməni, səni yanasan, kül olasan. Necə ki yandın. Avqustu 15-də, 93-də şəhid oldu Ramiz. Yadımdadı, göydən od tökülürdü həmin gün. Balamı basdırıb o çıxan Cəbrayıldan çıxdıq. Qaldı burda. Düz 28 ildir Cəbrayıl həsrəti çəkirik. O qədər fəxr edirəm ki, ordumuzla. Onlara qurban olum. Onların qanı ilə aldıq biz torpaqları. Mən baş əyirəm o oğulların da, onları böyüdən anaların da qarşısında. Bu gecə heç bir saat belə yatmamışam. Gözümə yuxu getmədi, ay bala. Bütün gecə Ramizimlə danışmışam. Necə tək qalıb bu qədər vaxtı burda, necə?

***

Yemək, su da gətiriblər özləriylə. Elə qəbrin yaxınlığında da ehsan süfrəsi açıblar. Bir qismətini isə baş daşının yanına qoyacaqlar, ona saxlayacaqlar. Bəlkə də 28 ildə ən ləziz nahar ola bilərdi...

Amma heç birinin boğazından bir loxma da keçmədi...

P.S.

Daxili İşlər Nazirliyinin “İnstagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə Cəbrayıl rayon sakini olan şəhid anası Güldəstə Ağayevanın adından müraciət daxil olub. Müraciətdə şəhid anası oğlu Ramiz Ağayevin 1993-cü ilin avqust ayının 15-də Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu və onun Cəbrayılda dəfn olunduğunu qeyd edib. G.Ağayeva Cəbrayıl rayonu işğal olunandan sonra 28 ildir ki, doğma torpağını yenidən görmək və oğlunun məzarını ziyarət etmək həsrəti ilə yaşadığını bildirib. Güldəstə ana müraciətinin sonunda Nazirliyin rəhbərliyinin onun 84 yaşının olmasını nəzərə alaraq Cəbrayıl rayonuna səfər etməsinə icazə verilməsini xahiş edib.

Müraciət dərhal nazirliyin rəhbərliyinin nəzarətinə götürülərək əvvəlcə şəhid Ramiz Ağayevin Cəbrayıl rayonundakı məzarının tapılması təmin edilib. Şəhid məzarının və yerləşdiyi ərazinin minalardan təmizlənməsi üçün lazımı tədbirlər görülüb. Müvafiq təhlükəsizlik tədbirləri gözlənilməklə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Güldəstə ana və onun ailə üzvlərinin Cəbrayıl rayonuna səfəri təşkil edilib.

Cəbrayıl

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14457
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar