Bakıda bir sıra restoranlarda, qida obyektində aparılan yoxlamalar nəticəsində temperaturun monitorinqi və qeydiyyatının, eləcə də müvafiq təmizlik işlərinin düzgün aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.
Maraqlıdır, görəsən, hansı xəstəlikləri olanlar restoranlarda işləyə bilməz?
Məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, ictimai iaşə müəssisələrində işə qəbul olunarkən həmin şəxsin mütləq şəkildə sağlamlıq haqqında arayışı olmalıdır.
Onun sözlərinə görə, lakin bəzən sağlamlıq haqqında şəhadətnaməsi olan insanda hər hansı bir virus və ya digər xəstəliklər aşkarlanır:
“Bunun əsas səbəbi hazırda yerli poliklinikalarda müəyyən qədər məbləğ ödəyib heç bir yoxlanışdan keçmədən sağlamlıq haqqında şəhadətnamə almağın mümkün olmasıdır. Bu, demək olar ki, rəsmiləşib. Ona görə də restoran və ya otellərə işə qəbul zamanı həmin şəxs bütün analizləri verib, həkim tərəfindən müayinə olunmalıdır. İctimai iaşə müəssisələrində əsas problemlərdən biri də soyuducudur. Soyuducuların düzgün temperaturda olmaması ət məhsullarının mikrobioloji çirklənməyə məruz qalmasına səbəb olur. Bunun üçün müxtəlif restoranlarda monitorinqlərin aparılması zəruridir”.
Ağa Salamov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, təmizlik işləri də mühüm məsələlərdən biridir:
“Təmizlik işləri keçirilən təlimlərdən asılıdır. Hazırda heç bir ictimai iaşə müəssisəsində təmizliklə bağlı təlimlər keçirilmir və buna maraqlı olan sahibkarlar da yoxdur. Restoranlarda çalışan təmizlik işçilərinin nə gigiyenadan, nə təmizlikdən xəbərləri var. Ona görə də restoranlarda antisanitar vəziyyət baş alıb gedir, qida zəhərlənmələri baş verir”.