Bəzi banklar SMS xidmətini kəskin bahalaşdırır - DEPUTAT AÇIQLADI
13 noyabr 2023 11:10 (UTC +04:00)

Bəzi banklar SMS xidmətini kəskin bahalaşdırır - DEPUTAT AÇIQLADI

"Bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər. Belə süni tarif artımının qarşısı alınmalıdır".

Lent.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

"Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqqların aşağı salındığını bildirib. Bu, xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq və müsbət haldır. Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni, nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq" - millət vəkili qeyd edib.

Vüqar Bayramov vurğulayıb ki, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər. Belə ki, əvvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Belə artımlar, özü də süni qiymət artımı sektor mövqeyindən istifadə deməkdir. Çünki, nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə texnologiyanın yeniləşməsi sms göndərmənin maya dəyərini xeyli aşağı salıb. Belə olan halda isə, bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil.

O əlavə edib ki, Mərkəzi Bank bununla bağlı ciddi addımlar atmalıdır: "Requlyator kimi Mərkəzi Bankın belə kəskin tarif artımlarının səbəblərini araşdırması və bu yöndə interventiv addımlar atması çox vacibdir. Bəlkə də, sms xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görünməyə bilər, amma sistem əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq, bu, kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da, liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımlarının tənzimlənməsi çox vacibdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5487
avatar

Arzu Qurbanlı

Oxşar yazılar