Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirildi - FOTO
10 avqust 2022 14:35 (UTC +04:00)

Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirildi - FOTO

Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.

Lent.az xəbər verir ki, Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransı giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının pozulması, dövlətin müdafiə qabiliyyətinin zəiflədilməsinə, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlər, çağırışlar hansısa mediada, sosial şəbəkədə edilirsə, prokurorluq fəaliyyət istiqamətinə uyğun olaraq qəti addımlar atmalıdır.

"Məqsədimiz informasiya sahəsində bəzi boşluqların aradan qaldırılmasıdır. Bizim bu fəaliyyətimizi bəzi media nümayəndələri birmənalı qarşılamır. Bunu medianın fəaliyyətinə müdaxilə kimi qiymətləndirirlər. Lakin qanun pozuntusu baş vermək üzrə olduğu halda vaxtında müdaxilə etməsək, bu, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən neqativ qarşılanır. Xəbərdarlıqlar o zaman edilir ki, daha ciddi qanun pozuntusunun qarşısı alınsın" - Baş prokuror bildirib.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluqla birgə medianın fəaliyyəti haqda komissiya yaradılmasını təklif edib. Əlavə edib ki, Media Reyestri də yəqin ki, yaxın zamanda qəbul olunacaq və jurnalistlərə vahid vəsiqələrin verilməsinə başlanılacaq: "Hesab edirəm ki, bu addımlarla cəmiyyəti savadlandırmaq və sosial şəbəkə istifadəçilərinə təsir etmək olar. Savadlı jurnalist hər şeyi dərk edib vətənini sevmirsə, elə bilirəm ki, ondan sağlam vətəndaş və sağlam jurnalist də ola bilməz. Biz eyni zamanda jurnalistlərə vətəni sevməyi də aşılamalıyıq".

Əflatun Amaşov reketlik hallarının da davam etdiyini vurğulayıb və bununla mübarizə sahəsində qanunun sərtləşdirilməsinin tərəfdarı olduğunu ifadə edib.

Tədbirdə, həmçinin Baş Prokurorun müavini Elmar Camalov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev çıxış ediblər. Elnur Musayev qeyd edib ki, prokurorluq orqanları tərəfindən bu il ərzində 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb. Lakin prokurorluğun səlahiyyətlərinin tətbiqi zamanı həyata keçirilən tədbirlərin mütləq əksəriyyətinin mediaya aidiyyəti yoxdur: "Xəbərdarlıqların əksəriyyəti azyaşlıların hüquqlarının qorunması, əməyin mühafizəsi və ətraf mühitin qorunması haqqında olub".

Daha sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri medianın qarşısında duran əsas məsələlər barədə müzakirələr aparıblar.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, dünyanın qabaqcıl ölkələrində sosial şəbəkələrdə gedən məlumatların tənzimlənməsi üçün qanunlar qəbul edilir: "Sosial şəbəkələr güc mərkəzi kimi çıxış edirlər. Bunun tənzimlənməsi üçün müəyyən tədbirlər görülməlidir. Bundan başqa sosial şəbəkələrdə uşaqların hüquqlarının, müəllif və digər hüquqların qorunmasına da zərurət var".

Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilib, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.

İşgüzar tədbirdə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Oxşar yazılar