Hava şəraitinin kəskin şəkildə dəyişməsi insanların müxtəlif növ viruslara, xəstəliklərə yoluxmasına şərait yaradır.
Maraqlıdır, görəsən, bu xəstəliklərdən özümüzü necə qorumalıyıq?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, payız və qış aylarında havaların soyuması baş verən zaman kəskin respirator virus infeksiyaları daha çox yayılır.
Onun sözlərinə görə, bu viruslar müxtəlifdir, hər mövsümdə bəziləri yenilənir:
“Onların törətdikləri xəstəliklərin əlamətləri oxşardır. Bu, koronavirusun klinik çalarları ilə eynidir. Ona görə hər bir şəxs özündə bu cür əlamətlər olduqda müraciət edərək özündə məhz koronavirus infeksiyasının olub-olmamasıını müəyyən edə bilər, yəni laborator üsullarla yalnız bu suala cavab verilə bilər. Ümumilikdə isə statistik göstəricilər bizə deməyə əsas verir ki, ölkədə koronavirusun yayılması kiçik həddədir, son vaxtlar yoluxma sayında artımlar olsa da bu hallar kütləvi deyil. İstər koronavirus, istərsə də bütün respirator viruslardan qorunma yolları eynidir. Yəni pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalar bizləri qoruya bilər. Risk qruplarına daxil olan insanların isə bundan əlavə qrip və koronavirusdan peyvənd vasitəsi ilə də qorunmaları tövsiyə olunur”.