Azərbaycanda BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb
28 iyun 2011 14:59 (UTC +04:00)

Azərbaycanda BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatının binasında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, mərasimdə baş nazirinin müavini Elçin Əfəndiyev, BSTA-nın baş katibi Hans-Horst Konkolevski, BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri Zbiqnev Derdzyuk, DSMF sədri Səlim Müslümov, BSTA-nın Nəzarət Komissiyasının üzvü, Milli Sosial Sığorta Kassasının prezidenti Mariya Borta və digər şəxslər iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, Bakıda belə bir Mərkəzin açılması Azərbaycanın sığorta-pensiya sahəsində əldə etdiyi nailiyyətlərin, bu sahədəki islahatçı imicinin və yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir. Regional mərkəzin yaradılmasında əsas məqsəd BSTA ilə Avrasiya regionunda fəaliyyət göstərən sosial müdafiə, pensiya təşkilatları arasında əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasıdır. Bundan başqa, Əlaqələndirmə Mərkəzi vasitəsilə BSTA-ya üzv olan təşkilatlara milli sığorta-pensiya sistemlərinin təkmilləşdirilməsində iqtisadi sabitlik, sosial siyasət, texnoloji inkişaf, səmərəli idarəetmə və digər mühüm istiqamətlər üzrə məsləhətlər veriləcək, fikir və təcrübə mübadiləsi, təlim və ekspert rəyi səviyyəsində dəstək göstəriləcək.

BSTA-nın baş katibi Hans-Horst Konkolevski Avrasiya regionunun BSTA üçün önəmini vurğulayıb və Avrasiya regionu üzrə ölkələrin müvafiq qurumlarının əlaqələndirilməsi funksiyalarının DSMF tərəfindən həyata keçiriləcəyini yüksək qiymətləndirdiyini bildirib. Mərkəzin yaradılmasının regionda sosial sığorta-pensiya məsələlərinin səmərəli həlli üçün böyük əhəmiyyəti var və BSTA öz bilik və təcrübəsini ortaya qoyaraq bu Mərkəzi dəstəkləyəcək.

Xatırladaq ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi ölkəmiz BSTA-nın büro üzvü, eyni zamanda inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüdür. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar