Yaponiya səfirliyinin nümayəndəsi BAMF-ın Tərtərdəki regional ofisində olub - FOTO
11 mart 2011 14:11 (UTC +04:00)

Yaponiya səfirliyinin nümayəndəsi BAMF-ın Tərtərdəki regional ofisində olub - FOTO

Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Yoşiko Ozava Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtərdəki regional ofisində olub. BAMF-ın sədri Umud Rəhimoğlu müharibədən ən çox zərər çəkmiş rayonlardan biri olan Tərtərdə təşkilatın gördüyü işlər, həyata keçirilən layihələr haqqında qonağa ətraflı məlumat verib. U.Rəhimoğlu qeyd edib ki, BAMF yarandığı gündən başqa istiqamətlərdə fəaliyyəti ilə yanaşı müharibədən zərər çəkmiş bölgələrdə də tədqiqatlar aparır, mina qurbanlarının, müharibədən zərər çəkən insanların, qaçqınların və məcburi köçkünlərin, aztəminatlı ailələrin problemlərinin həlli istiqamətində layihələr həyata keçirir. O, bu sahədə Yaponiya Səfirliyi də təşkilata dəstək olduğunu xatırladıb.
Sonra qonaq BAMF-ın Tərtər Regional Peşə Təlimi Mərkəzinə (PTM) gedib. O, burada təlim üçün yaradılmış şəraiti, xidmət otaqlarını, tamamlama işləri davam edən 100 nəfərlik konfrans zalını nəzərdən keçirib. Yoşiko Ozava PTM-in regionda fəaliyyət göstərməsinin çox böyük önəm kəsb etdiyini vurğulayıb və qeyd edib ki, bu təlim mərkəzi təkcə Tərtər üçün deyil, ətraf rayonların sakinləri üçün də bir resurs mərkəzi rolunu oynaya bilər.
Yoşiko Ozava PTM-in Kooperativ Təsərrüfatına da baş çəkib, müharibədən zərər çəkmiş insanların, mina qurbanlarının, qaçqınların və məcburi köçkünlərin, aztəminatlı ailələrin nümayəndələrinin çalışdıqları bu təsərrüfatda becərilən meyvə və həmişəyaşıl ağaclarla, calaq işləri ilə yaxından tanış olub, problemlərlə maraqlanıb. BAMF-ın sədri U.Rəhimoğlu səfirliyin rəsmisinin diqqətinə çatdırıb ki, ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Kooperativ Təsərrüfatın genişləndirilməsi istiqamətində müntəzəm iş aparılır. Yaxın zamanlarda burada iribuynuzlu mal-qara saxlamaq üçün ferma şəhərciyi salınacaq, hədəf qrupundan heyvandarlıq sahəsində səriştəsi olan insanlar işə cəlb olunacaq. Yeni meyvə və bəzək ağaclarının, gül kollarının əkilməsi hesabına tinglik sahəsi də genişləndiriləcək, bütövlükdə əldə olunan gəlir təsərrüfatın inkişaf etdirilməsinə və hədəf qrupundan olan insanların güzəranlarının yaxşılaşdırılmasına sərf ediləcək.
Qonaq BAMF-ın regiondakı fəaliyyətindən razı qaldığını bildirib və Tərtərə səfərinin onda yüksək təəssürat yaratdığını vurğulayıb.

Sonda Yaponiya Səfirliyi ilə BAMF-ın əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşlərdə BAMF-ın proqramların inkişafı və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar