Prezident Bakının abadlaşdırılması ilə bağlı planlardan danışdı
09 mart 2011 23:58 (UTC +04:00)

Prezident Bakının abadlaşdırılması ilə bağlı planlardan danışdı

“Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artıb, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalıb”. APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident deyib ki, Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi üçün edilən səylər nəticəsini verməkdədir: “Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün sözün əsl mənasında dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bu mənim qəti fikrimdir”.

Prezident son bir neçə ildə Bakıda 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verildiyini, 32 piyada keçidi tikildiyini, köhnələrinin təmir edildiyini bildirib.

Prezident deyib ki, Bakıda bu il Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzi istifadəyə veriləcək. Bu mərkəz yol hərəkətini tənzimləmək üçün ən qabaqcıl texnologiyalardan istifadəyə imkan verəcək.

Ölkə başçısı şəhərə çoxsaylı yeni, müasir avtobuslar gətirildiyini, yaxın zamanlarda yeni taksi maşınları gətiriləcəyini, yeni layihələr icra ediləcəyini və müasir tələblərə uyğun nəqliyyat infrastrukturu yaradılmaqda olduğunu bildirib.

Prezident Bakının elektrik enerjisi ilə təchizatında son illərdə böyük və əsaslı dönüş yarandığını, yarımstansiyalar tikildiyini, transformatorların təzələndiyini vurğulayıb.

Ölkə başçısı Bakının və ətrafının 97 faizinin qazlaşdırıldığını, digər hissəsinin də qazlaşdırmasının tezliklə olacağını deyib.

“Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində əminəm ki, yaxın zamanlarda Bakının su ilə təminatı yaxşılaşdırılacaq. Yaxın zamanlarda bu kəmər tam gücü ilə çalışacaq və şəhərimizin əhalisinin 70 faizi keyfiyyətli içməli su ilə təmin ediləcək, suyun davamlı verilməsi təmin olunacaq”-deyə, prezident bildirib.

Ölkə başçısı deyib ki, şəhəri istiliklə təmin etmək üçün bir neçə il bundan əvvəl “Azəristilik” Birliyi yaradılıb, hər il o qurum tərəfindən yeni evlərə və obyektlərə istilik verilir. İlham Əliyev bu prosesdə əsas problemin vaxtilə istilik kəsildiyi dövrdə bəzi evlərdə, mənzillərdə istilik batareyalarının kəsilib atılması olduğunu söyləyib.

Prezident Bakının abadlaşdırılması üçün son illərdə çox böyük işlər görüldüyünü, tarixi binaların bərpa edildiyini, parkların yenidən qurulduğunu, şəhərin mərkəzindəki sənaye müəssisələrinin tədricən köçürüldüyünü bildirib: “Şəhərin mərkəzində sənaye müəssisələri olmamalıdır. Onların yerində yeni parklar, yaşayış binaları, istirahət üçün yerlər, ictimai məna daşıyan yerlər yaradılır və bu proses uğurla gedir. Bu məsələ daim planlarımızda dayanır və növbəti illərdə yeni parkların salınması işləri aparılacaq”.

Ölkə başçısı Bakıda əsas teatrlar, muzeylərin əsaslı təmir edildiyini, yeni muzeylər, nadir memarlıq abidəsinə çevriləcək Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi tikildiyini xatırladıb: “Bu mərkəz artıq dünya memarlıq xəzinəsinə daxil edilib. Hələ ki, tikinti gedir, ancaq bu mərkəzin görüntüləri artıq ən mötəbər kataloqlarda da öz əksini tapır. Yəni bu, dünya miqyasında nadir memarlıq abidəsi olacaq”.

Prezident Heydər Əliyev Mərkəzinin ətrafında doqquz hektar sahədə park salındığını da bildirib.

Ölkə başçısı şəhərin mərkəzində yeni meşə zolaqları salmaq üçün layihələr üzərində işlənildiyini, bu zolaqların vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş sənaye müəssisələri və ya yaşayış binalarının yerləşdiyi ərazilərdə olacağını deyib: “ Oradan köçürülmə işləri aparılacaq. Əgər yaşayış binalarıdırsa, kompensasiya ödəniləcək və bazar qiyməti ilə ödəniləcək. Necə ki, bu vaxta qədər bütün kompensasiyalar bazar qiyməti ilə ödənilib”.

Azərbaycan Prezidenti ekoloji məsələlərin həlli üçün kompleks tədbirlər görüldüyünü, artıq “Avro-2” standartına keçildiyini, “Avro-3”, “Avro-4” standartlarına da keçməli olduğumuzu bildirib. O, Balaxanı poliqonundan şəhəri bürüyən tüstülərin artıq qalxmadığını, zibilxananın yerində park salındığını, Məişət tullantıları zavodu tikildiyini bildirib. Şəhərdə təkcə keçən il 3 milyon ağac əkilib.

“Şəhərimizdə ağacəkmə prosesi sürətlə gedəcəkdir. Mən xüsusi göstəriş vermişəm ki, boş yerlərdə, görkəmli yerlərdə yeni ağaclar əkilsin. Bayıl yamacında böyük bir meşə zolağı yaradılacaq. Bakını əhatə edən bu dağlar indi quru dağlardır. Amma o dağlar meşə ilə örtüləcək və həm ekoloji vəziyyət yaxşılaşdırılacaq, həm də gözoxşayan bir mənzərə yaradılacaq”-ölkə başçısı deyib.

Prezident Dənizkənarı Bulvarın da əsaslı təmir edildiyini, bulvarın dənizə qədər genişləndirildiyini deyib: “İndi insanlar lap dənizin kənarına çıxa bilərlər. Orada da gəzinti üçün gözəl yerlər vardır. Xüsusilə yaz-yay aylarında on minlərlə Bakı sakini bulvardadır və biz bulvarı Bakı sakinlərinə qaytardıq. Çünki hamımız yaxşı xatırlayırıq ki, bir neçə il bundan əvvəl bulvarda gəzintiyə çıxmaq üçün çox az adam tapılardı. Çünki infrastruktur bərbad, xidmət çox aşağı səviyyədə idi, zülmət, qaranlıq, bir dənə də işıq yanmırdı, dirəklər köhnəlmişdi, paslanmışdı. Adam bulvara çıxanda, sözün düzü, xəcalət çəkirdi və beləliklə, biz onu itirirdik. Şəhər sakinləri daha çox – Fəvvarələr bağına, başqa yerlərə üz tuturdular. Ancaq bu gün biz bulvarı şəhərə qaytardıq. Elə şəkildə qaytardıq ki, bu bulvar dünyada bir nömrəli bulvardır. Dəniz kənarında yerləşən başqa şəhərlərdə dənizkənarı bulvarlar var. Amma heç bir yerdə bu gözəllikdə, bu genişlikdə bulvar yoxdur. Bax, bu gün bulvarın uzadılması layihəsini icra edirik - bulvar həm sağ, həm sol tərəfə uzadılacaq. Artıq Dəniz Ticarət Limanının köçürülməsi prosesi başlanılıb. Biz indi Ələtdə yeni ticarət limanı yaradırıq. İndiki ticarət limanının ərazisində artıq parklar salınır və salınacaq, bulvar uzadılacaq. Eyni zamanda, bulvar Bayraq Meydanına qədər uzadılacaq. Orada gəmi təmiri zavodu və köhnədən qalan digər zavodlar yerləşib. İndi onların köçürülməsi ilə məşğuluq və hazırda Əl Oyunları Sarayından ta Bayraq Meydanına qədər möhtəşəm, gözəl, yeni bulvar tikiləcək. Beləliklə, - hazırda bulvarın uzunluğu haradasa 4 kilometrə yaxındır, - bulvarın uzunluğu 10 kilometr, bəlkə ondan da çox olacaq”.

Prezident Bayraq Meydanının nadir memarlıq abidəsi, müstəqilliyimizin rəmzi olduğunu bildirib: “ Dünyanın ən hündür və ən böyük bayrağıdır. Bu layihəyə xüsusilə böyük diqqət göstərilib”. Bayraq Meydanı 6 hektara qədər ərazini əhatə edir, onun ətrafında olan yerlər isə 60 hektardır. Prezident burda parklar, bulvar, istirahət, gəzinti üçün yerlər salındığını, bu ilin sonuna qədər layihənin başa çatacağına ümid etdiyini bildirib: ”Ondan sonra Bayraq Meydanına gedən bütün yollar tikiləcək, yeni yollar çəkiləcək və gəzinti üçün böyük və möhtəşəm bir meydan, əgər belə demək mümkünsə, bəlkə də dünyanın ən böyük meydanı yaradılacaq”.

Prezident İçərişəhərdə gedən abadlıq-quruculuq işləri barədə də danışıb: “Vaxtilə işlərin düzgün şəkildə qurulmaması ucbatından milli sərvətimiz olan İçərişəhər YUNESKO-nun dünya mədəni irsi siyahısından silinirdi. Biz orada böyük işlər gördük, yeni qurum yaradıldı, İçərişəhərdə təmir-bərpa işləri aparıldı. Biz nail olduq ki, İçərişəhər dünya mədəniyyət incisi kimi YUNESKO-nun siyahısına yenidən daxil edilsin. Bu gün həm Bakı sakinləri, həm şəhərimizə gələn qonaqlar İçərişəhərlə tanış olarkən Azərbaycanın qədim mədəniyyətini, tarixini öz gözləri ilə görürlər”.

Prezident 2006-cı ildə Bakının kənd və qəsəbələrinin inkişafına dair xüsusi proqram qəbul edildiyini və onun icra edildiyini bildirib.

Prezident Bakı qəsəbələrinin inkişafına dair xüsusi proqramın müzakirə olunduğunu bildirib: “Proqramın icrası üçün bu ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmalıdır. Düzdür, büdcəmiz formalaşıb, ancaq yəqin ki, büdcəyə düzəlişlər ediləcək və beləliklə, bu proqram da orada öz həllini tapmalıdır”.

Prezident Bakı qəsəbələrində son bir neçə il ərzində 34 məktəb, 18 tibb müəssisəsi tikilib, təmir edildiyini bildirib: “Sürətli qazlaşdırma prosesi gedir və biz bu prosesi başa çatdırmalıyıq. Qəsəbələrin inkişafı üçün nə lazımdırsa, biz onu edəcəyik. Çünki Bakının ətrafında yerləşən qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Bu, özlüyündə böyük bir şəhərdir və bu qəsəbələr şəhər səviyyəsinə gətirilməlidir”.

Prezident bu proqramın iki, maksimum üç il ərzində icra edilməli olduğunu bildirib: “Mən yaxşı başa düşürəm ki, çox böyük işdir. Mənim tərəfimdən ilkin tapşırıq veriləndə alınan məlumatlar göstərir ki, əslində biz bu qəsəbələri yenidən quracağıq. Çünki orada bəzi hallarda infrastruktur bərbad vəziyyətdədir, iş yerləri məsələsi vardır. Yəni, biz bu məsələyə də diqqətlə yanaşmalıyıq. Orada orta və kiçik sahibkarlığın inkişafına dəstək verilməlidir. Yəni, 800 min əhalini əhatə edən qəsəbələrin inkişafı proqramının icrası çox böyük işdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1218

Oxşar yazılar