Millət vəkillərinin 16 faizi qadındır
07 mart 2011 12:16 (UTC +04:00)

Millət vəkillərinin 16 faizi qadındır

Dövlət Statistika Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan qadınlarının cəmiyyətdəki rolu və yeri barədə statistik rəqəmləri açıqlayıb. Komitədən Lent.az-a bildiriblər ki, 2011-ci ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini qadınlar təşkil edir. Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadındır. Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızdır.


Azərbaycan qadınları elmin inkişafında da müstəsna rol oynayır. Hazırda doktorantların 46 faizini, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir. Son 5 ildə doktorluq dərəcəsi olan qadınların sayı 22 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır.


Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı isə əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olub.

Bayramınız mübarək, əziz qadınlar!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar