“İşıq” qəzetinin 100 yaşı qeyd olundu
04 mart 2011 17:49 (UTC +04:00)

“İşıq” qəzetinin 100 yaşı qeyd olundu

Lent.az-ın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdəki çıxışında bu mətbu orqanın yaranma tarixindən bəhs edərək onu XX əsrin əvvəllərində cəmiyyətdə maarifçilik ideyalarının yayılmasında müstəsna rol oynadığını deyib. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanın ziyalıları və mətbuatı müsəlman qadınının azadlığı uğrunda mübarizə aparmaq kimi məsul bir vəzifəni öz üzərinə götürmüşdü: “O zaman bu, olduqca çətin vəzifə idi. Üzərindən neçə müddət keçməsinə baxmayaraq, “İşıq” örnəkdir. Baxmayaraq ki, nəşrin cəmi 68 sayı işıq üzü görmüşdü. Bütün bunları nəzərə alaraq ölkədə qadın jurnalistikasının inkişafında xidmətləri olan şəxslərin yaradıcılıqlarının qiymətləndirilməsi üçün “İşıq” qəzetinin şərəfinə eyni adlı mükafatın təsis olunması əhəmiyyətli addım olardı”.


Əflatun Amaşov bu kimi mətbu orqanlar, eləcə də orada çalışan qadın jurnalistlərin həyat və yaradıcılığı ilə bağlı geniş araşdırmaların aparılmasına zərurət duyulduğunu deyib.


“İşıq” qəzetinin tədqiqatçısı, tarix elmləri namizədi Amaliya Qasımova isə nəşrin öyrənilməsi istiqamətində apardığı geniş araşdırmalardan danışıb. O qeyd edib ki, “İşıq” qəzetinin ilk nömrəsi çapa gedəndə bu, cəmiyyətdə böyük səs-küy doğurub: “Onun xarakterik cəhəti fikir müxtəlifliyində idi. Qəzet Azərbaycan qadınını azadlığa səsləyirdi. Redaktoru Xədicə xanım Əlibəyova Azərbaycanda ilk qadın redaktor kimi tarixə düşüb”.


Amaliya Qasımova “İşıq” qəzetinin ilk sayının çapdan çıxdığı gün – 22 yanvarın Azərbaycanda qadın jurnalistikası ilə bağlı xüsusi tədbirlərin keçirilməsini, nəşrin fəaliyyət göstərdiyi binanın, eləcə də ilk qadın redaktor kimi Xədicə xanımın yaşadığı binanın qarşısında barelyefin vurulmasını təklif edib.

“Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova isə bildirib ki, “İşıq” qəzeti geniş imkanlara malik olmamasına, daimi işçi heyətinin məhdudluğuna baxmayaraq, Azərbaycan qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzedilməz işlər görüb. Onun sözlərinə görə, bu qəzet maarifçi ideyalarla gündəmə gəlmiş, qadınların taleyini düşünməyə, maarifə, bir növ, zülmdən işığa səsləməklə ziyalı qadınlarımızı səfərbər etmişdir. “Nəşrin redaktoru Xədicə xanımın Həlimə Axundova, Çayqıraqlı Həyat, Tubu Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi qadın müxbirlərin yetişməsində müstəsna rolu olub”.

Yubiley mərasimində “Azərbaycan” qəzetinin əməkdaşı Flora Xəlilzadə, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Azərbaycan” qəzetinin əməkdaşı Rəsmiyyə Rzalı və digər jurnalistlər “İşıq” qəzetində qaldırılan ideyaların Azərbaycan qadınının bu günü üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sonda çıxış edən “İşıq” qəzetinin ilk redaktoru olmuş Xədicə xanım Əlibəyovanın nəvəsi, kinorejissor Cəmil Fərəcov toplantı iştirakçılarına təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar