Təhsil Nazirliyində kollegiya iclası keçirilib
28 fevral 2011 16:53 (UTC +04:00)

Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Bu gün Təhsil Nazirliyində kollegiya iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov “Orta ixtisas təhsili müəssisələrində monitorinqin nəticələri” mövzusunda təqdimatla çıxış edib. Lent.az-ın məlumatına görə, orta ixtisas təhsilinin cəmiyyətdə yeri və rolundan bəhs edən Misir Mərdanov son illər müvafiq sahə üzrə görülən işləri də nəzərə çatdırıb. Nazir təhsilin bu pilləsi üzrə aparılan dəyişiklərin, qəbul olunan normativ hüquqi sənədlərin əhəmiyyətini vurğulayıb və “Təhsil haqqında” qanuna əsasən, müvafiq sənədlərin hazırlandığını deyib.


Misir Mərdanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan məsələlərin uğurla həyata keçirilməsi məqsədilə orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin öyrənilməsi, statistik məlumatların təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün ötən ilin sonlarında monitorinq keçirilib. Dövlət orta ixtisas təhsili müəssisələrinin ixtisas profilləri üzrə təsnifatı haqqında danışan nazir son illər bir sıra kolleclərin müvafiq nazirlik, şirkət və konsernlər, işəgötürənlərlə sıx əlaqələr yaradaraq, onların köməyi ilə maddi-texniki bazanın möhkəmləndirilməsində, dərs və dərs vəsaitlərinin hazırlanmasında müsbət nəticələr əldə etdiyini vurğulayıb.


Daha sonra son 5 ildə orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin, ştatda olan müəllimlərin sayı, müəllim-tələbə nisbəti, bu müəssisələrə tələbə qəbulu barədə ətraflı məlumat verən nazir 2005-2010-cu illərdə kolleclərdə təhsil almaq üçün ərizə verənlərin sayının artdığını bildirib və əlavə edib ki, 2005-ci ildə 1 yerə ərizə verənlərin sayı 2,1, 2010-cu ildə isə 3,1 nəfər olub.


Kollegiya iclasında Misir Mərdanov hər bir orta ixtisas təhsili müəssisəsi üzrə məzunların işlə təmin olunması və onların təhsillərini davam etdirməsinə dair rəqəmləri nəzərə çatdırıb, həmçinin kolleclərin fəaliyyətində aşkar edilmiş müəyyən nöqsanları da qeyd edib. Monitorinqin ümumi nəticələri ilə iclas iştirakçılarını tanış edən təhsil naziri orta ixtisas təhsili müəssisələrinin istilik sistemi ilə təchizatı, onların informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, təmirə ehtiyacı olan kolleclərin müəyyənləşdirilməsi, bu sahə üzrə dərs vəsaitlərinin hazırlanması və digər mühüm məsələlərlə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verib.


İclasın sonunda müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953

Oxşar yazılar