Təhsil Nazirliyində müşavirə keçirilib
24 fevral 2011 17:46 (UTC +04:00)

Təhsil Nazirliyində müşavirə keçirilib

Bu gün Təhsil Nazirliyində nazirliyin bütün struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə genişləndirilmiş müşavirə keçirib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, müşavirədə təhsil naziri Misir Mərdanov “Təhsil Nazirliyinin struktur bölmələrinin 2010-cu ildə görülmüş işlərlə bağlı hesabatlarının yekunlarına dair” təqdimat-məruzə ilə çıxış edib. O, “Təhsil haqqında” Qanununun icrası ilə bağlı ötən il 37 sənədin hazırlandığını və onlardan 32-nin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirib. Nazir onu da əlavə edib ki, həmin sənədlərdən 3-ü təsdiqolunma, 2-si isə hazırlanma mərhələsindədir. Daha sonra təhsil naziri müvafiq sənədlərin toplu şəklində çap olunaraq yerlərə göndərilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Təqdimat-məruzəsində 2010-cu ildə keçirilmiş kollegiya və müşavirələr barədə məlumat verən Misir Mərdanov hər bir struktur bölmənin il ərzində gördüyü işlərə dair kollegiya və ya digər tədbirin keçirməsinin labüdlüyünü vurğulayıb. Nazir ötən il bir sıra Dövlət proqramları, Fəaliyyət planları və müsabiqələr üzrə görülmüş işlərə dair hesabatların hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunduğu haqda məlumat verib. Təhsil sahəsindəki Dövlət proqramları və layihələr çərçivəsində müvafiq işlərin həyata keçirildiyinə diqqət çəkən təhsil naziri, eyni zamanda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nazirliyin struktur bölmələrinin komponent və alt komponentləri üzrə əsas vəzifələrini qeyd edib. Misir Mərdanov, həmçinin Dünya Bankı ilə birgə təhsil sahəsində görülən işlərdən bank əməkdaşlarının razı qaldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Nazir öz təqdimatında Təhsil Nazirliyinin bir neçə elektron məlumat mənbələrinin fəaliyyət göstərdiyini qeyd edib və onların işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.

Ötən il Təhsil Nazirliyinə daxil olan ərizə və məktublar barədə məlumatları diqqətə çatdıran Misir Mərdanov bu işin səmərəli təşkili, həmin sənədlərin vaxtında cavablandırılması, hər bir müraciətin ciddi araşdırılması, qaldırılan məsələlərin qanunauyğun şəkildə həll olunması və vətəndaşların qəbulu məsələsinə diqqətin artırılması ilə əlaqədar nazirliyin struktur bölmə rəhbərlərinə konkret tapşırıqlar verib. Təhsil naziri nazirlik əməkdaşlarının işə davamiyyətinin, iş vaxtından səmərəli istifadə olunmasının, hər bir işçi üçün vəzifə bölgüsünə uyğun tapşırıqların müəyyənləşdirilməsinin və icraya nəzarətin təmin edilməsinin vacibliyini xüsusi qeyd edib.

Sonra nazir ayrı-ayrı struktur bölmələrə verilən tapşırıqları, qarşıda duran vəzifələri sadalayıb və onların icra vəziyyəti ilə maraqlanıb. Müşavirədə təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərini əla qiymətlərlə bitirənlərə qızıl və gümüş medalların verilməsi mexanizminin işlənib hazırlanması, təhsil sənədlərinin tanınması ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması, 5 yaşlıların məktəbə hazırlığının təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi və digər mühüm məsələlərlə bağlı fikirlərini bildirib, struktur bölmə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar