Mətbuat Şurası “Elm və həyat” jurnalının 50 illiyini qeyd etdi
24 fevral 2011 17:08 (UTC +04:00)

Mətbuat Şurası “Elm və həyat” jurnalının 50 illiyini qeyd etdi

Bu gün Mətbuat Şurasında “Elm və həyat” jurnalının 50 illik yubileyi ilə bağlı mərasim keçirilib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, jurnal 1961-ci ildə Respublika “Bilik” Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin maarifçilik ənənələrini davam etdirən «Elm və həyat» jurnalı nəşrə başladığı ilk vaxtdan elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayıb. Dərgi ötən illər ərzində alimlərin söz tribunasına çevrilərək elmdə qazanılan uğurların, bir növ, salnaməsini yazıb, mətbuatımızda elmi kəşfləri və yenilikləri təbliğ edən yeganə elmi-kütləvi dərgi kimi tanınıb. Əflatun Amaşov Mətbuat Şurasının jurnala ünvanlanan təbrik plaketini AMEA-nın birinci vitse-prezidenti Arif Haşımova təqdim edib. Tədbirdə uzun illərdən bəri “Elm və həyat”» jurnalında çalışan Ulkər Hüseynova, Maral Poladova və Mehparə Axundova, o cümlədən nəşrin redaktoru Şirindil Alışanlıya Azərbaycan Jurnalistlər Birliyinin fəxri fərmanları təqdim olunub.

Arif Haşımov bildirib ki, “Elm və həyat” jurnalı əvvəllər bir təbliğat vasitəsi idisə, müstəqillik illərindən başlayaraq elə elm həyatının özüdür: “Belə bir jurnalın ərsəyə gəlməsi və bu günədək yaşaması olduqca çətin və zəhmət tələb edən prosesdir. Bu işdə jurnalın neçə illərdən bəri yorulmaq bilmədən çalışan kollektivinin əməyi xüsusi vurğulanmalıdır”.

“Elm və həyat” jurnalının redaktoru Şirindil Alışanlı qeyd edib ki, mətbu orqan neçə-neçə qələm sahibinin, ziyalının yetişməsində müstəsna rol oynayıb: “Jurnalın yetişdirdiyi insanlar indinin özündə də aktiv jurnalist fəaliyyəti ilə məşğul olmaqdadırlar. Bəziləri ölkənin tanınan, ictimai fikrə təsir göstərən qəzet və jurnallarına rəhbərlik edir ”.

Akademik Budaq Budaqov mətbuat, elm və publisistika sahəsində, o cümlədən “Elm və həyat” jurnalındakı aktiv və səmərəli peşə fəaliyyətinə görə Mətbuat Şurasının fəxri diplomu ilə təltif edilib. Budaq Budaqov isə mətbu nəşrə uzun illər diqqət göstərilmədiyini, lakin hazırkı dövrdə AMEA-nın Rəyasət Heyətinin bu mənfi meylin aradan qaldırılması istiqamətində mühüm addımlar atdığını söyləyib.

“Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynov bu nəşrin dünya da layiqli yer tutduğunu dilə gətirib: “Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. 1998-ci ildə “Elm və həyat” keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə beynəlxalq mükafata layiq görülüb. Təklif edirəm ki, jurnalın 50 illiyinə töhfə kimi orada məqaləsi çıxan alimlərin kataloqu hazırlansın”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında mətbu fəaliyyətinə məhz “Elm və həyat”da korrektor kimi başladığını nəzərə çatdırıb. Jurnalda beş il çalışdığını qeyd edən baş redaktor nəşri ciddiyyət, məsuliyyət məktəbi adlandırıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, o cümlədən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışlarında bu mətbu orqanın fəaliyyətinin gücləndirilməsinin vacib sayıb və bunun üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini zəruri hesab ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1419

Oxşar yazılar