Bakalavrlar üçün yeni dərslik
19 fevral 2011 13:23 (UTC +04:00)

Bakalavrlar üçün yeni dərslik

Ali məktəblərinin dəmiryolçu ixtisaslarında təhsil alan tələbələr üçün yeni dərs vəsaiti işıq üzü görüb. Lent.az-ın məlumatına görə, “Hərəkət tərkibinin avtomatik əyləcləri” adlı dərs vəsaitinin müəllifləri Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Səyavuş Bağırov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini, əməkdar mühəndis, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Qurban Nəzirovdur.


Ali təhsilin bakalavr pilləsi üçün nəzərdə tutulan dərsliyin elmi redaktoru texnika elmləri doktoru, professor Havar Məmmədov, rəyçilər “Azərbaycan Dəmir Yolları” QSC Yük daşımaları Departamentinin lokomotiv şöbəsinin rəisi A. Qasımov və texnika elmləri doktoru, professor H. Əhmədovdur. Dərslikdə hərəkət tərkibinin təhlükəsizliyini təmin edən əyləclərin təsnifatı, onların avadanlıqlarının konstruktiv xüsusiyyətləri, iş prinsipləri, əyləc sistemlərinin kompressor aqreqatları, təzyiq tənzimləyiciləri, idarəetmə sistemləri və havapaylayıcılar şərh edilib. Kitabdakı zəngin materiallar imkan verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin müxtəlif xidmət sahələrinin mütəxəssisləri və dəmir yolu nəqliyyatı ixtisası üzrə təhsil alan tələbələr ondan dərs vəsaiti kimi dolğun istifadə edə bilsin.


Bundan başqa, dərslikdə əyləc avadanlıqlarının konstruktiv rəngli görüntüləri tələbələrə bu avadanlıqların iş prinsipini daha asan dərk etmək imkanı yaradır. Xatırladaq ki, hazırda Azərbaycanda hərəkət tərkibinin normal istismarı üçün əyləc sisteminin keyfiyyətli təmirini və xidmətini yerinə yetirən yüksək səviyyədə ixtisaslaşmış mütəxəssislərə böyük ehtiyac var. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab Təhsil Nazirliyinin 06 iyul 2010-cu il tarixli 1005 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar