QHT-lərdə audit aparılması könüllü olacaq
17 fevral 2011 16:00 (UTC +04:00)

QHT-lərdə audit aparılması könüllü olacaq

“Biz Prezident Administrasiyasında da müzakirə apardıq və belə qərara gəldik ki, QHT-lər məcburi auditə cəlb olunmasın”.


Lent.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. O qeyd edib ki, bu gün Azərbaycanda QHT-lər böyük maddi imkanlara malik olmadığından məcburi auditə cəlb edilməsi düzgün deyil: “Audit zamanı pozuntu aşkarlanarsa, QHT 2500 manat cərimə ödəməlidir. Bəs, QHT-lər bu pulu necə ödəyəcək?”


Azay Quliyev onu da bildirib ki, bu gün Auditorlar Palatasından da cavab alıblar və gələcəkdə QHT-lərin audit prosesinə könüllü olması istiqamətində müzakirələr aparılacaq. Onun sözlərinə görə, Şura Nazirlər Kabinetinin 2007-ci il tarixli qərarından da QHT-lərin məcburi auditə cəlb olunması barədə müddəanın çıxarılması istiqamətində iş aparacaq: “Biz bu maddənin də sənəddən çıxarılmasına nail olacağıq və çalışacağıq ki, QHT-lərdə audit aparılması könüllü olsun. İndiki zamanda QHT-lər özləri auditin keçirilməsini istəyirsə, belə bir təkliflə çıxış edib audit təşkil edə bilər”.

Ramiz Mikayıloğlu



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar