Bakıda qripə yoluxma vəziyyəti stabildir
17 fevral 2011 14:44 (UTC +04:00)

Bakıda qripə yoluxma vəziyyəti stabildir

Son vaxtlar paytaxt Bakıda qrip xəstəliyinin bir qədər artdığı müşahidə olunur. Xəstəliyin əlamətləri özünü kəskin boğaz ağrıları, yüksək hərarətlə büruzə verir.


Səhiyyə Nazirliyi isə ölkədə qripə yoluxma hallarının geniş yayılmadığını və belə bir təhlükənin gözlənilmədiyi qənaətindədir. Nazirliyin Sanitar-Epidemioloji Nəzarət İdarəsinin rəisi Viktor Qasımov Lent.az-a bildirib ki, adətən, soyuq hava şəraitində qripdən əziyyət çəkənlərin sayı artır. Buna səbəb isə hava şəraitinin dəyişkən keçməsidir.

Bununla belə, Viktor Qasımov özündə qrip xəstəliyinin əlamətlərini müşahidə edən vətəndaşlara yaşadıqları ərazidəki poliklinikaya müraciət etməyi məsləhət görür. Onun sözlərinə görə, hər kəs qripə qarşı pulsuz peyvənd ala bilər.


Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev də Lent.az-a açıqlamasında qripə yoluxma hallarının stabil olduğunu deyib. Onun sözlərinə görə, son vaxtlar qrip xəstəliyin yoluxanların sayı azalır: “Ötən ay qrip xəstəliyi ilə bağlı çağırışların sayı 200 olub. Bu ay isə 100 belə müraciət gəlib. Bu rəqəm gündəlik 1300 çağırışın içərisində çox azdır”.


Rauf Nağıyev onu da deyib ki, Azərbaycanda qrip epidemiyası yoxdur və yayılma ehtimalı da gözlənilmir. Əhalinin qrip kimi tanıdığı xəstəliyin adı isə əslində kəskin respirator infeksiyasıdır. Onun sözlərinə görə, bu xəstəliyin qrip virusu ilə heç bir əlaqəsi yoxdur: “Oxşar əlamətləri hər iki xəstəliyin yoluxucu olmasıdır. Kəskin respirator infeksiyaya daha çox immuniteti zəif olanlar yoluxur”.


Baş həkimin müavini bildirib ki, hazırda Bakıda qorxulu qrip virusu qeydə alınmasa da, qabaqlayıcı tədbirlər görülür.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar