Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirildi
16 noyabr 2009 16:30 (UTC +04:00)

Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirildi

Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyası növbəti iclası keçirilib. Lent.az-ın xəbərinə görə, Şura sədrinin müavini Umud Rəhimoğlu komissiya üzvlərinə gündəlikdə duran məsələlər barədə məlumat verib.

İlk olaraq millət vəkili Nazim Məmmədovun “Yeni Müsavat” qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya rəyə gəlib ki, qəzetin şikayət doğuran materiallarında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndləri pozulub. Komissiya nəşrə bu kimi mövzuların təqdimatı zamanı ifadə seçiminə həssas yanaşmağı tövsiyə edib. Həmçinin “Yeni Müsavat”ın təkzib verməsini vacib sayıb.

İclasda “Gündəlik Bakı” qəzeti ilə bağlı 2 şikayətə baxılması nəzərdə tutulsa da, bunlardan biri Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi təmsilçisinin müzakirəyə qatılmaması səbəbindən baş tutmayıb. Mövcud prosedur qaydaya əməl olunmadığından məsələ gündəlikdən çıxarılıb. Şikayətlər üzrə Komissiya eyni səbəbdən “Bank Respublika” ASC-nin “Hakimiyyət” qəzetinə qarşı şikayətinə də baxmayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Gündəlik Bakı” qəzeti ilə bağlı müraciəti tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Komissiya bunu nəzərə almaqla yanaşı nəşrdə nazirlik barəsində gedən yazılarda etik prinsiplərin dəfələrlə pozulduğunu qəzet rəhbərliyinin diqqətinə çatdırıb.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin “Təzadlar” qəzeti ilə əlaqədar şikayətinin müzakirəsi zamanı nəşrin baş redaktoru Asif Mərzili “Kütləvi informasiya vasitələri haqqında” qanununun 63-cü maddəsinə əsasən cavabdehliyi materialı hazırlayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin daşıdığını bildirib. Lakin qeyd olunub ki, bu, yazının sonunda göstərilmədiyindən iddia əsassızdır. Komissiya rəyə gəlib ki, “Təzadlar” qəzeti narazılıq doğuran yazıya görə məsuliyyəti istinad mənbəyini göstərdiyi halda daşımaya bilərdi. Mövcud vəziyyətdə isə material etik prinsiplərə sayğısızlıqla təqdim olunub. Baş redaktor A.Mərzili məsələ ilə bağlı təkzib verməyə hazır olduğunu deyib.

Növbəti məsələnin müzakirəsində “Qaynar xəbər” qəzetinin təmsilçisi Bakı şəhər 7 saylı uşaq poliklinikası barədə bu nəşrdə gedən yanlış məlumatlara görə qarşı tərəfdən üzr istəyib, təkzib verməyə hazır olduğunu bildirib. Komissiya məsələnin həlli üçün bunu yetərli sayıb.

Naftalan şəhərindən bir qrup sakinin “Xoca Nəsrəddin” jurnalında gedən nümunələrdə mili, etnik zəmində təhqirlərə, ayrı-seçkiliyə yol verilməsi, bu zaman jarqon ifadələrin işlədilməsi ilə əlaqədar müraciəti də komissiyanın müvafiq rəyinin qəbulu ilə nəticələnib. Jurnal barədə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən verilməsi məqsədəuyğun sayılıb.

Ceyranbatan qəsəbə sakinlərinin “Güzgü” qəzeti ilə bağlı şikayəti müzakirə edilərkən məsələnin daha ətraflı araşdırılmasına ehtiyac duyulduğu vurğulanıb və konkret tədbirlərin müəyyənləşdirilməsi üçün Şura İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin rəhbərliyi ilə qrup yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar