Bu gün APA-nın 5 yaşı tamam olur
16 noyabr 2009 15:30 (UTC +04:00)

Bu gün APA-nın 5 yaşı tamam olur

Bu gün Azəri-Press Agentliyinin (APA) fəaliyyətə başladığı gündən 5 il ötür.


Lent.az-ın məlumatına görə, 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən APA həmin il noyabrın 16-da fəaliyyətə başlayıb.


Müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliyi Azərbaycan, rus və ingilis dillərində xəbər yaymağa başlayıb, sonradan isə fransız və ərəb dilləri də bu sıraya əlavə olunub.


Hazırda APA beş dildə “on-line” xəbər xidməti göstərir.


APA yarandığı vaxtdan bir çox yeniliyə imza atıb. Cənubi Qafqazda ilk dəfə videogörüntülü xəbəri APA yayıb, ölkədə ilk dəfə “APA-SPORT” idman agentliyi yaradıb. Bundan başqa, agentliyin “APA-ECONOMICS” və “APA-Photo” bölmələri fəaliyyət göstərir. APA-nın saytında kredit kart sistemi tətbiq olunub. Agentlik gün ərzində ümumilikdə 400-450 xəbər yayır.


Bütün həftə boyu beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə iqtisadi və siyasi analitika bülletenləri hazırlayıb, yayan APA-nın əsas prinsipləri operativlik, dəqiqlik və tərəfsizlikdir. APA-nın Azərbaycanın xəbər məkanında lider olduğu artıq hər kəs tərəfindən qəbul olunan faktdır.

Agentliyin bütün ölkəni əhatə edən büroları, dünya siyasətinə təsir edən dövlətlərdə və Ermənistan istisna olmaqla, bürün qonşu ölkələrdə təmsilçilikləri fəaliyyət göstərir. APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir.

Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar, beynəlxalq təşkilatların nümayəndəlikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki təmsilçilikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları var. Ümumilikdə Azərbaycanda və xaricdə nəşr olunan və yayımlanan 150-dən çox KİV APA-nın abunəçisidir.

Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliyidir.

Agentliyin yaradıcısı və baş direktoru Vüsalə Mahirqızıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar