Məleykə Abbaszadə mediadan narazıdır
13 noyabr 2009 18:30 (UTC +04:00)

Məleykə Abbaszadə mediadan narazıdır

TQDK sədri idmançılar və müğənnilər kimi intellektual qabiliyyətli gənclərin də ictimaiyyətə tanıdılmasını vacib sayır

“Azərbaycanda yüksək intellektual biliklər nümayiş etdirmiş gənclərimiz ictimaiyyətə tanıdılmır. Mətbuat, televiziyalar yüksək bilik nümayiş etdirmiş abituriyentləri təbliğ etmir. Yarışlarda qalib gəlmiş və Azərbaycan bayrağını qaldırmış idmançılarımız isə lazımi səviyyədə təbliğ olunur, Biz istərdik ki, intellektual qabiliyyətli gənclərimiz də idmançılarımız və müğənnilər kimi cəmiyyətə tanıdılsın”.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. TQDK sədri deyib ki, 2009/2010-cu tədris ili üçün ali məktəblərə keçirilən tələbə qəbulu müsabiqəsində 110 minə yaxın abituriyent iştirak edib. Onlardan 996 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. Onlardan 670 nəfəri şəhər, 326 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır.

Məleykə Abbaszadə bildirib ki, 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali məktəblərlə yanaşı Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına (4 nəfər) və Polis Akademiyasına (6 nəfər) daxil olanlar da var. Onun sözlərinə görə, yüksək nəticə göstərənlər I qrupda (texniki və təbiət elmləri üzrə ixtisaslar) 164, II qrupda (iqtisadiyyat üzrə ixtisaslar) 218, III qrupda (humanitar ixtisaslar) 391, IV qrupda (tibb ixtisasları) 223 nəfərdir.

Sonuncu qəbul imtahanlarında 2 nəfər maksimal nəticə – 700 bal toplayıb. Onların hər ikisi III ixtisas qrupunun abituriyentləridir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 4 abituriyent isə Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olublar.

Məleykə Abbaszadə deyib ki, bu il də 600-dən yuxarı bal toplayanlar TQDK-ya dəvət edilərək onlarla ənənəvi görüşlər keçirilib: “Biz bu görüşlərdə abituriyentlərlə geniş fikir mübadiləsi aparıb onların rəy və təklifləri dinləmişik. Çünki imtahanlarda yüksək nəticə göstərmiş abituriyentlər digərləri üçün nümunə ola bilər. Biz çalışırıq ki, gələcək abituriyentlər bu gənclərin də təcrübəsindən bəhrələnsin”.

Xatırladaq ki, bu il Prezident təqaüdü alan 102 gəncin 29 nəfəri Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 18 nəfəri Bakı Dövlət Universitetinin, 12 nəfəri "Qafqaz" Universitetinin, 9 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 6 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin, 2 nəfəri Xəzər Universitetinin, 1 nəfəri isə Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar