Bakıdakı restoran sahibləri cərimələnib
05 noyabr 2009 19:15 (UTC +04:00)

Bakıdakı restoran sahibləri cərimələnib

Səbəb restoran və şadlıq evlərində səs-küy səviyyəsinin maksimal göstəricisinin normadan artıq olmasıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na əməl olunmasını yoxlamaq məqsədilə Bakıda fəaliyyət göstərən kafe və restoranlarda reyd keçirib. Reyd zamanı “Meridian”, “Niaqara”, “Çanaq Qala” restoranları, “Xudafərin”, “Su Sonası” şadlıq sarayları, “Plaza” disko-barı və “Black Bird” gecə klubunda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmaması halları aşkarlanıb.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, səs-küy səviyyəsinin norması 65 dB olduğu halda Nizami rayonundakı “Xudafərin” şadlıq sarayında səs-küy səviyyəsinin maksimal göstəricisi 82 dB (normadan 1,26 dəfə artıq), “Meridian”da 89 dB (normadan 1,37 dəfə artıq), “Plaza” disko-barında 92 dB (normadan 1,41 dəfə artıq), “Black Bird” gecə klubunda 88 dB (normadan 1,35 dəfə artıq), “Niaqara”da 87 dB (normadan 1,34 dəfə artıq), “Çanaq Qala”da 88 dB (normadan 1,35 dəfə artıq), “Su Sonası”nda 91 dB (normadan 1,4 dəfə artıq), Səbail rayonu ərazisində yerləşən “La Paris” restoranında 85 dB (normadan 1,31 dəfə artıq) olub.


Keçirilmiş reyd zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə protokollar tərtib olunub, həmin restoran və kafelərin müdiriyyətləri barəsində inzibati qaydada cərimə qərarları tətbiq edilib. Nazirlikdə bildirirlər ki, insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin əsas səbəbləri kimi avtonəqliyyat vasitələrində quraşdırılmış müxtəlif növ gücləndirici siqnalları, toy və yas mərasimlərində istifadə olunan səs gücləndiricilərini göstərmək olar. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.


Xatırladaq ki, səs-küy insan sağlamlığına neqativ təsir göstərir. 35-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə bilər, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar