Bütün rüsum və tariflər barədə informasiyaların yerləşdirildiyi portal yaradılıb
15 fevral 2011 12:35 (UTC +04:00)

Bütün rüsum və tariflər barədə informasiyaların yerləşdirildiyi portal yaradılıb

APA-nın məlumatına görə, rusum.az internet portalı 2010-cu ildə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dəstəyi ilə hazırlanıb.


www.rusum.az bütün rüsumlar və tariflər barədə ilk vahid informasiya mənbəyidir. Portal vasitəsilə vətəndaşlar hər bir dövlət orqanı tərəfindən tələb edilən qanuni rüsumun və cərimələrin məbləği barədə daha asan məlumat əldə edə bilirlər. Bununla yanaşı, xidmətlərə görə tələb olunan ərizə və anket formaları da saytda yerləşdirilib. Vətəndaşlar saytdan istifadə etməklə tələb olunan ərizə və anketləri çap edə və aidiyyəti üzrə dövlət qurumlarına təqdim edə bilirlər.


www.rusum.az vətəndaşların dövlət orqanlarına müraciət etməsi üçün əlaqə ünvanlarını, telefonları və elektron poçt əlaqələrini də təqdim edir. İnternet saytı, həmçinin daha çox istifadə edilən sahələrdə müxtəlif kalkulyatorları da təqdim edir. Belə ki, vətəndaşlar səhifədəki pensiya, avtomobillər üçün texniki baxış və gömrük rəsmiləşdirməsi kalkulyatorlarından istifadə etməklə qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə məlumat əldə edə bilirlər.
Portalın yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə vermək, bu sahədə vətəndaş cəmiyyətinin daha fəal iştirakını təşviq etməkdir.


Portalın həmçinin ingilis dilində versiyası hazırlanmış və vətəndaşların istifadəsinə verilib. İnternet portalı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sifarişi ilə “Antikorrupsiya Araşdırmalar Mərkəzi” və “Prodemos” qeyri-hökumət təşkilatları tərəfindən hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277

Oxşar yazılar