“Onlara de, siqaret çəkməsinlər”
29 oktyabr 2009 11:15 (UTC +04:00)

“Onlara de, siqaret çəkməsinlər”

Erməni əsirliyində olan Azərbaycan hərbçiləri ailələrinə məktub göndəriblər


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgərləri Rafiq Rəhman oğlu Həsənova və Anar Xanbaba oğlu Hacıyevə baş çəkiblər.


Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, keçən həftənin axırında baş tutan görüş zamanı BQXK təmsilçiləri əsirlərin saxlanma şəraitinin monitorinqini keçirib və onlarla təkbətək söhbət aparıb.


A.Hacıyevin anası Nailə Məmmədova isə APA-ya açıqlamasında bu gün BQXK nümayəndələrinin oğlundan məktub gətirdiyini deyib. N. Məmmədova A. Hacıyevin məktubunun məzmunu da açıqlayıb: “Salam, mama, necəsiz? Keyti, Elçin necədir, Şahin, Aydın, Vüsal, Araz necədirlər? Onlara de siqaret çəkməsinlər, nənəmə, Sevincə, hamıya salam de. Məndən narahat olmayın. Hər şey yaxşıdır”.


R.Həsənovun atası Rəhman Həsənov isə APA-ya açıqlamasında bildirib ki, ona dünən BQXK-nın Bərdə ofisindən zəng edilərək, ofisə gəlməsi tapşırılıb. Lakin R.Həsənov imkanı olmadığından ofisə baş çəkə bilmədiyini deyib.


Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.


1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev isə Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, mayın 10-da saat 9.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Əsirlərə sonuncu dəfə iyulun 23-də baş çəkilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889

Oxşar yazılar