Bir qrup müəllim Milli Məclisə müraciət edib
23 oktyabr 2009 18:15 (UTC +04:00)

Bir qrup müəllim Milli Məclisə müraciət edib

Onlar pensiyaya çıxmaq üçün yaş həddinin qaldırılmasın tərəfdarı olduqlarını bildirir

Bir qrup müəllim “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklərlə bağlı Milli Məclisə müraciət edib. Bakıdakı müxtəlif orta məktəblərdə çalışan müəllimlər pensiya yaşının qaldırılmasına dair təklifləri dəstəklədiklərini bildirirlər.

Lent.az-ın məlumatına görə müraciət müəllifləri son illər yaşlı müəllimlərin işdən çıxarılaraq pensiyaya göndəriləcəyi barədə xəbərlərdən narahatdırlar: “Məktəblərdə müəllim bolluğunu əsas gətirərək, bizi işdən çıxarmaq istəyirlər. Halbuki bizim məktəbdə qalıb işləməyimiz təhsilin keyfiyyətinə mane olmur. Əksinə gənc müəllimlərin bizim təcrübəmizdən yararlanması nəticə etibarilə təhsilin səviyyəsinə müsbət təsir edir”.

Müəllimlər bildirirlər ki, onlar “Əmək pensiyaları haqqında” qanunda qadınlar üçün yaş həddinin 57-dən 60-a qaldırılması təklifini dəstəkləyirlər. Çünki bu, onları məcburi qaydada işdən çıxarmaq istəyənlərin arqumentlərinin hüquqi cəhətdən zəiflədilməsinə gətirib çıxaracaq: “İndiyə qədər 57 yaşında bir çox həmkarlarımızı məcburi şəkildə pensiyaya göndəriblər. Amma onlar qalıb işləmək istəyirdilər. Ona görə də biz dəyişikliyin tezliklə Milli Məclis tərəfindən qəbul olunmasını xahiş edirik. Biz əmək fəaliyyətimizə 57 yaşında son qoyulmasından çoxdan narazıyıq və bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlərimiz olub”.

Müraciət müəllifləri əksər ölkələrdə qadınların pensiyaya çıxmaq üçün yaş həddinin 60-dan yuxarı olduğunu bildirərək, yerli qanunvericiliyin bu istiqamətdə dəyişməsini alqışladıqlarını bildiriblər.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev təhsil müəssisələrində çalışan işçilər tərəfindən onlara müxtəlif vaxtlarda belə müraciətlərin daxil olduğunu təsdiqləyib. Onun sözlərinə görə, son vaxtlar belə müraciətlərin sayı xeyli artıb.

Elman Babayev qeyd edib ki, belə müraciətlər təkcə müəllimlər tərəfindən deyil, başqa qurumlarda işləyən vətəndaşlar tərəfindən də göndərilib. Bununla belə, o, bu müraciətlərlə bağlı əlavə şərh verməyib. O qeyd edib ki, qanuna əlavə və dəyişikliklərin hansı zərurətdən doğması barədə fondun sədri öz mövqeyini artıq ictimaiyyətə çatdırıb.

Xatırladaq ki, DSMF-nin sədri Səlim Müslümov iki gün əvvəl jurnalistlərə açıqlamasında pensiya yaşının qaldırılması səbəblərindən biri kimi dövlət orqanlarında və təhsil müəssisələrində işləyənlərin əmək fəaliyyətini davam etdirmək istəyi ilə əlaqələndirmişdi. Onun sözlərinə görə, son illər yaşlı insanların dövlət qulluğunda, ali və orta ixtisas məktəblərində fasiləsiz çalışmaq istəmələri kişilərin 62, qadınların isə 57 yaşa çatmasının heç də onların əmək fəaliyyətinin dayanması demək olmadığını göstərir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbov da pensiyaya çıxmaq üçün yaş həddinin qaldırılması təklifinin insanların istəyi hazırlandığını deyir. Millət vəkili Lent.az-a açıqlamasında bildirib ki, həqiqətən də bir müddət əvvəl müxtəlif sahələrdə çalışan insanlar tərəfindən Milli Məclisə belə müraciətlər daxil olub. Həmin müraciətlərin müəllifləri isə əsasən təhsil, mədəniyyət və elm sahələrində çalışan insanlardır: “Biz qanuna əlavə və dəyişiklikləri məhz həmin müraciətlərin əsasında hazırlamışıq. Biz o müraciətləri araşdıranda gördük ki, həqiqətən də pensiyaya çıxmaq üçün müəyyən edilmiş mövcud yaş həddi ədalətli deyil. Çünki bu insanlar hələ əmək qabiliyyətlidirlər və onlar öz sahələrində səmərəli işləməkdə davam edə bilər. Belə olan halda biz onları niyə məcburi qayada pensiyaya göndərməliyik? Ona görə də biz pensiyaya çıxmaq üçün yaş həddinin qaldırılmasını daha məqbul hesab edirik. bununla həm də sosial ədaləti bərpa etmiş oluruq”.

Hadı Rəcəbli əminliklə qeyd edir ki, pensiya yaşının qaldırılması yaşlı insanlara zərər vurmayacaq. Əksinə, onun fikrincə, bu dəyişikliklərdən bəhrələnənlər daha çox olacaq. Komissiya sədri deyir ki, bu dəyişiklik mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, qadınların yaşı 6 il ərzində hər il 6 ay olmaqla 57 yaşdan 60 yaşa çatdırılacaq. Kişilərin yaşı isə 2 il ərzində 62 yaşdan 63 yaşa çatdırılacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar