4-5 dəfə təkrar sosial yardım alanlar var
23 oktyabr 2009 15:15 (UTC +04:00)

4-5 dəfə təkrar sosial yardım alanlar var

Natiq Məmmədov: “Vətəndaşlar özləri də ailəsinin yoxsulluq həddindən çıxması üçün hansısa addımlar atmalıdır”

Hazırda Azərbaycanda 152 min 500 ailə ünvanlı sosial yardım alır. Bu isə təxminən 700 minə yaxın ailə üzvünü əhatə edir.

Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımov jurnalistlərə açıqlamasında belə deyib. O, qeyd edib ki, yardım alanların 90 faizə qədəri kiçik yaşlı uşaqları olan ailələrdir. Belə ailələr arasında 3 və daha çox uşağı olan ailələr 45 faiz təşkil edir. Onun sözlərinə görə, hazırda hər bir ailəyə orta hesabla 107 manat ünvanlı sosial yardım verilir.

Natiq Məmmədov bildirib ki, sosial yardım proqramından nəinki təkrar, hətta 5-ci dəfə yararlanmaq istəyən ailələr də var Bu, bizi çox narahat edir: “Bu proqramın müsbət cəhətləri ilə yanaşı mənfi tərəf də var. Bu mənfi cəhət odur ki, insanlar dövlətin yardımına arxayın olaraq, sosial vəziyyətini yaxşılaşdırmaq üçün alternativ variantlardan yararlanmır. Nəticədə onların uzun müddət yoxsulluq həddində qalması üçün şərait yaradır. Ona görə də vətəndaşlar də aktiv olmalıdır ki, ailəsinin yoxsulluq həddindən çıxması üçün hansısa addımlar atmalıdır”.

Şöbə müdiri bildirib ki, hazırda Azərbaycanda bütün ölkəni əhatə edən korporativ lokal şəbəkə yaradılıb. Onun sözlərinə görə, şəbəkədə yoxsulluq həddində olan ailələr haqqında məlumatlar toplanıb və hər bir ailə haqqında məlumatlar tez-tez təhlil olunur: “Analizlərdən görürük ki, ünvanlı sosial yardım alanların təxminən 20 faizi 4-cü və 5-ci dəfə yardım alanlardır. Ona görə də biz “Sosial reabilitasiya haqqında Dövlət Proqramı”nın qəbulu üçün çalışırıq. Birinci növbədə istəyirik ki, həmin ailələrlə fərdi şəkildə layihələr həyata keçirək və onların yoxsulluq həddindən çıxış normal həyatda yaşaması üçün şərait yaradaq”.

Natiq Məmmədov son vaxtlar ünvanlı sosial yardımların təyinatının dayandırılması barədə deyilənlərə də aydınlıq gətirib. O qeyd edib ki, heç bir halda ünvanlı sosial yardımın təyinatı və maliyyələşdirilməsi dayandırılmayıb. Onun sözlərinə korporativ lokal şəbəkədə bütün məlumatlar bir serverdə cəmləşdiyindən avadanlıq həmin bazanı qəbul etmək qabiliyyətində deyil. Ona görə də bütün ödənişlər və təyinatlar yenisi ilə əvəzləşdirildi: “Sadəcə olaraq, ünvanlı sosial yardımın təyinatında müəyyən problem yaranmışdı. Amma indi belə bir problem yoxdur və hər şey planlaşdırıldığı kimi davam edir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar