Azərbaycanda 1196 əkiz, 18 üçəm doğulub
22 oktyabr 2009 14:00 (UTC +04:00)

Azərbaycanda 1196 əkiz, 18 üçəm doğulub

İlin əvvəli ilə müqayisədə Azərbaycan əhalisinin sayı 76 min nəfər və ya 0,9 faiz artıb. Oktyabrın 1-dək ölkə əhalisinin sayı 8,973 milyon nəfər olub.

Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, əhalinin sayının artması həm təbii, həm də miqrasiya artımının hesabına baş verib. Əhalinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Hesablamalara görə, hər 1000 nəfər kişiyə 1041 nəfər qadın düşür. Əhalinin 23 faizi 0-14 yaşda, 70 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər isə ölkə əhalisinin 31,2 faizini təşkil edir.

Komitədə deyirlər ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 109,5 min körpə dünyaya gəlib. Onların 54,1 faizi oğlanlar, 45,9 faizi qızlardır. Doğulanların 1196-sı əkiz, 18-i üçəmdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğulanların sayı 16,5-dən 16,6-a qədər artıb. Ölənlərin sayı isə 6,1-dən 6-a qədər azalıb. Hesablamalara görə, bu il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 72,7 yaş, o cümlədən oğlanlar üçün 70 yaş, qızlar üçün 75,4 yaş təşkil edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar