Bakı sakini film kimi faciə yaşayıb
19 oktyabr 2009 15:00 (UTC +04:00)

Bakı sakini film kimi faciə yaşayıb

Bakı sakini N.K.-nın başına faciəli, həm də ən dramatik filmlərin ssenarisinə bənzər hadisə gəlib.

N.K.-nın yaxınlarının Lent.az-a verdiyi məlumata görə, Türkan qəsəbəsində yaşayan bu şəxs Suraxanı rayonundakı xarici neft şirkətində çalışırmış.

Bir müddət əvvəl onun evi “qanunsuzdur” adı ilə sökülüb. Söküntü işləri zamanı N.K. və onun hamilə həyat yoldaşı evdən zorla çıxarılıb. Bu zaman fiziki təzyiqlər nəticəsində həyat yoldaşı və özü xəsarət alıblar. Nəticədə onların hələ dünyaya gəlməmiş körpəsi tələf olub...

N.K. hadisə ilə bağlı müxtəlif dövlət qurumlarına və həmin qurumların rəhbərlərinə yazılı şəkildə dəfələrlə müraciət edib. Lakin bu müraciətlərin böyük əksəriyyətinə ümumiyyətlə cavab verilməyib. Cavab verilən müraciətlər isə onun pozulmuş hüquqlarının qorunmasına yetməyib: N.K.-nın nə evi, nə həyəti qayıdıb, nə də həyat yoldaşına xəsarət yetirənlər cəzalandırılıb. Çünki onun torpaq sahəsinə göz dikən şəxs yüksək rütbəli məmurun yaxın qohumu olub.

Bu hadisədən 6 ay sonra isə o, hər səhər olduğu kimi işə gedib (N.K. həmin şirkətdə traktorçu işləyirmiş). İşdə həmişəki kimi “filan yerə sür” əmrinə tabe olur. Burada isə sən demə o, şirkətə məxsus olduğu deyilən ərazidə bir neçə ev sökməliymiş. N.K. özünün sökülən evini və arvadının xəsarət alması səhnəsini göz önünə gətirərək, onunla gələn şirkətin vəzifəli işçilərinə “mən bu evləri sökə bilmərəm” deyir. Şirkət işçiləri isə onun bu inadkarlığından əsəbiləşərək “ya sök, ya da işdən çıx” şərtin qoyurlar. N.K. dərhal ərizə yazaraq işdən çıxır. Nəzərdə tutulan evləri isə başqa işçilər sökür.

Evi uçurulan N.K. indi həm də işsizdir...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar