Sanitar qaydalar sərtləşdiriləcək
16 oktyabr 2009 17:45 (UTC +04:00)

Sanitar qaydalar sərtləşdiriləcək

Belə hallara qarşı cərimələrin 4-5 dəfə artırılması planlaşdırılır

Sanitar-gigiyenik qaydaların pozulmasına görə inzibati cəza tədbirləri sərtləşdirilə bilər. Bu sərtləşdirmə cərimələrin də məbləğinin artırılmasını nəzərdə tutur.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi oktyabrın 1-dən Bakıdakı ictimai iaşə obyektlərində apardığı yoxlamaların nəticəsi olaraq belə qərara gəlib. Mərkəzdən Lent.az-a bildiriblər ki, son 15 gündə 140-dan çox ictimai iaşə obyektlərində sanitar vəziyyətlə bağlı monitorinqlər aparılıb. Əsasən kafe və şadlıq evlərində, şirniyyat sexlərində aparılan monitorinq nəticəsində yol verilən ciddi qanun pozuntusuna görə 14 obyektin bağlanması haqqında qərar qəbul olunub. Fiziki şəxslərə məxsus 120 obyekt isə cərimələnib.

Monitorinq zamanı məlum olub ki, ictimai-iaşə obyektlərdə sanitar-gigiyenik qaydalara əməl olunmur. Belə ki, bu obyektlərdə hazırlanan və əhaliyə satılan qida məhsulları natəmiz vəziyyətdə saxlanılır. Qidaların hazırlanmasında istifadə olunan qatışıqlar sanitar normalara cavab vermir.

Bu səbəbdən də mərkəz sanitar qaydaların pozulmasına görə tətbiq olunan cərimənin məbləğini 4-5 dəfə artırmaq niyyətindədir. Artıq bununla bağlı təkliflər hazırlanır və sənəd yaxın vaxtlarda müvafiq qurumlara təqdim olunacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957

Oxşar yazılar