Dövlət Sosial Müdafiə Fonduna 20 minə yaxın müraciət daxil olub
12 oktyabr 2009 18:30 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fonduna 20 minə yaxın müraciət daxil olub

İlin əvvəlindən bəri daxil olan müraciətlərin 41,8 faizi pensiya məsələlərinə aid olub

Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun “190” nömrəli telefon məlumat xidmətinə 19 978 müraciət daxil olub. Bu müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib.

Fondun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, müraciətlərin 41,8 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 22,2 faizini məcburi dövlət sosial sığortasına, 14 faizini isə fərdi uçotun təşkilinə dair sorğular əhatə edib. Onun sözlərinə görə, müraciətlər arasında bilavasitə fondun səlahiyyətlərinə aid olmayan məsələlər də az olmayıb. Belə ki, məlumat xidmətinə ünvanlanan müraciətlərin 22 faizi digər məsələlərlə bağlı olub. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə edilib.

Elman Babayev bildirib ki, məlumat xidmətinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb. Qeyri-iş günlərinə təsadüf edən zənglərə isə avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib. Aparılan araşdırmalara əsasən, daxil olan müraciətlərin əksəriyyəti maarifləndirici xarakter daşıyıb. Suallar arasında əmək pensiyası hüququnun necə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib.

Müraciətlər arasında fondun yerli şöbələrinin fəaliyyətindən şikayətlər də olub. Elman Babayev deyib ki, həmin şikayətlərlə bağlı dərhal araşdırma aparılıb və müvafiq tədbirlər görülüb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar