“Onunla cinsi əlaqəyə könüllü getmişdim...” –HEKAYƏT
08 oktyabr 2009 15:45 (UTC +04:00)

“Onunla cinsi əlaqəyə könüllü getmişdim...” –HEKAYƏT

(“Məhbusələr” silsiləsindən)

Oxucuların Lent.az-da “Məhbusələr” silsiləsindən gedən reportaj və hekayətlər arasında ən çox bu yazını gözlədiyini bilirdim; çünki ən çox bu yazıya görə mənə zəng vurub soruşur, e-mailimə yazırdılar. Hətta dost-tanış vasitəsilə “bəs o yazı nə oldu” ismarıcını göndərənlər də vardı. Nəhayət, bu yazı görüşünüzə gəldi, əziz oxucular.

Azərbaycanın rayonlarından birində baş verən məşhur hadisəni şərti adlarla təqdim edirik. Ancaq adlar şərti olsa da, “Kurtlar vadisi”nin hər seriyası başlayanda yazıldığı kimi heç də “hayal ürünü”, yəni xəyal məhsulu deyil. Hamısı baş verib. Oxuyun, hər şeyi başa düşəcəksiniz. Sadəcə oxuyun.


...1987-ci ildə anadan olub. Subaydır. Natamam orta təhsillidir. Cinayət Məcəlləsinin düz dörd maddəsi ilə təqsirli bilinib. Atası Sabir Qabilov (şərtidir) rayonda məşhur qatil kimi tanınıb. Həbsxanada dünyasını dəyişib. Özü isə atası həbsdə olan zaman dünyaya gəlib. Artıq yeddinci ildir ki, həbsdədir. Üç il də rahat dursa, həbsxanadan çıxa biləcək.

Ləman nişanlananda hələ 15 yaşı da yoxmuş. Onu görüb aşiq olan “Çapıq” ləqəbli Vüsal ailə üzvlərinə bu qızla evlənmək istədiyini deyir. Vüsalın atası, İsmayıl kişi anası Məqbulə xanımı da yanına alıb el adəti ilə elçilik edirlər. Yaz ağzında nişan aparıb, Ləmanın barmağına üzük taxırlar.

Yenicə nişanlanmış Vüsal nişanlısıgilə tez-tez gedib-gəlməyə başlayır. Belə get-gəllərin birində Ləmangilin evində kimsənin olmamasından istifadə edərək ona yaxınlıq təklif edir. Yəni, özləri üçün “zifaf gecəsi” təşkil etmək istəyir. Qəribə də olsa, qız nişanlısının təklifi ilə razılaşır. Lakin...
Ləmanla intim əlaqədə olan Vüsal onun bakirə olmadığını görür və dəliyə dönür. Qızı möhkəmcə döyür. Ondan əvvəlki sevgilisinin adını soruşur. Uzun mübahisədən sonra Ləman nişanlısına iki il əvvəl Rufiklə yaxın münasibətdə olduğunu etiraf edir.

Eşitdiklərindən dəli olmaq dərəcəsinə çatan Vüsal nişanlısı ilə cinsi əlaqədə olub-olmadığını dəqiqləşdirmək üçün Rufiklə görüşür. Rufik Vüsala Ləmanla heç bir əlaqəsi olmadığını deyir.

Bundan sonra Vüsal yenidən Ləmanla görüşür. Nişanlısı tərəfindən aldadıldığını düşünən Vüsal qızı “nişanı qaytaracağı” ilə hədələyir. O isə and-aman edərək “Rufiklə olmuşam” – deyib durur. Bundan sonra Vüsalın fikirləri daha da qarışır. O, məsələni aydınlaşdırmaq üçün Ləmanı Rufiklə üzləşdirmək qərarına gəlir. Bunun üçün də Rufikə zəng vurub onunla görüşmək istədiyini bildirir. Onu gözləyən faciədən bixəbər olan Rufik öz avtomobili ilə “razborka”ya gedir.

Rufiklə görüşə Vüsalla birgə yollanan Ləman evdən çıxanda nişanlısının ona verdiyi “xəncər bıçağı” da özüylə götürür. Rufiklə görüşüb, gözdən uzaq bir yerə gedirlər. Bir az uzaqlaşan kimi elə maşının içindəcə mübahisə başlayır. Rufik Ləmanla intim əlaqədə olduğunu etiraf edir, amma bunun qızın öz istəyilə baş tutduğunu da deyir. Sonra da “bu qızla mən də olmuşam, sən də. O mənimlə də, səninlə də könüllü olub. Nişanı qaytar, get başqasıyla evlən, qurtarsın getsin”.

Mübahisə bir az da uzanır. Ləman qəflətən mantosunun altından çıxardığı xəncərlə Rufikin kürək nahiyəsindən iki dəfə zərbə endirir. Rufik maşından yerə düşüb qaçmağa cəhd etsə də, çoxsaylı bıçaq zərbələrinə tuş gəlir və üzüqoylu yerə yıxılır. İki “nişanlı” köməkləşib, onun meyitini yaxınlıqdakı su arxının içərisinə tullayırlar...

Rufikin evə gec qayıtmasından narahatlıq keçirən ailə üzvləri bir neçə yerə zəng vurub oğlanlarını xəbər alırlar. Çox keçmədən Rufikin meyitinin arxın içərisindən tapıldığı xəbəri gəlir.

Hadisədən dərhal sonra Vüsal və Ləman həbs edilirlər. “Çapığ”ın atası da, bıçaq satan da “əlli-ayaqlı” gedir.

...Vüsal həmin vaxt dost-tanışına evlənəndən sonra Rusiyaya köçərək orada işləyib yaşayacağını deyirmiş. Amma həbsə gedir, özü də ömürlük!

Ləman isə indi günahı “nişanlısı”nda görür. Deyir ki, məktəbdə Ruifk arxasınca düşürmüş, onu sevdiyini, evlənəcəklərini deyib:

- Mən Rufikin bitirdiyi məktəbdə oxuyurdum. Əslində onunla münasibətim yaranmışdı, intim əlaqələrimiz də olmuşdu. Və bu, könüllü şəkildə olmuşdu. Həmin vaxt Rufik tələbə idi, xaricdəki ali məktəblərin birində oxuyurdu. Rufiklə təxminən 2-3 dəfə, yenə deyirəm, öz razılığımla intim əlaqədə olmuşdum. Bütün günahlar Vüsalda oldu. Nişanlanandan sonra Rufik Vüsalın qabağını kəsərək ona deyib ki, “sən mənim artığımla ailə qurursan”. Vüsal da mənə dedi ki, onu öldürəndən sonra sən təmiz olacaqsan, mən də səni qəbul edəcəyəm. Sonra da gedib Rufiki öldürdü.

Ləmanın mənə danışdıqlarında məntiq olmadığını onun özünə də dedim. Bu yerdə o qayıtdı ki, əgər açığını bilmək istəyirsinizsə, Rufikin ölməsini istəmirdim: “Dedim olub-olub da, bir işdi. Mən başqasıyla ailə də qura bilərdim. Hər şeyi planlaşdıran, hər şeydə günahkar olan elə o Vüsal oldu. Mən onu sevmirəm, əksinə, nifrət edirəm”.


Ləmanın hadisənin baş verməsini indi necə danışması da maraqlıdır. Elə mən də bunu xahişi etdim. Qısa da olsa danışdı: “Evdə oturmuşdum. Vüsal məni gəlib evdən zorla çıxarıb apardı. Bıçağı da əlinə götürmüşdü. Sonra da Rufiklə mənim yanımda görüşdü, onu vurub öldürdü. Mən cinayətdə iştirak eləməmişəm. Əgər o nişanlısının qeyrətini çəkən kişi olsaydı, günahı öz üstünə götürüb, həbsxanada özü yatardı. Mən Rufiklə münasibətdə olmağıma görə yox, Vüsalla nişanlandığıma görə peşmanam”.


Deyir, həbs olunandan sonra bütün rayon onu dəstəkləyib. Hətta Rusiyada olan həmyerliləri ona “qrev” də eləyiblər, “halal olsun o qıza” ismarıcını göndəriblər.

Məşhur olmağı özünə də ləzzət edir. Ancaq deyir ki, “Allah kəssin belə məşhurluğu”.

“Yanımda mənim əvəzimdən danışan adam heç vaxt olmayıb, heç vaxt da qabağımdan yeyən olmamışam. Döyülməmişəm, ancaq döydüyüm olub. Buna görə “kars”da da yatmışam”.

Deyir ən çox doğulduğu günə peşmandır. Həbsxanadan çıxandan sonra isə tüfeyli həyat sürmək istəmir. Ancaq bir-iki məqsədinin olduğunu bildirir. Nə qədər xahiş eləsəm də o məqsədləri açıqlamadı...

Pərvin ABBASOV

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057

Oxşar yazılar